REGİONLAR
Ağsuda tərəkəmə ənənələrinə dair təqdimat keçirilib
Ağsu, 29 noyabr, AZƏRTAC
Ağsu rayonunun Pirhəsənli kənd tam orta məktəbində "Ağsuda tərəkəmə obaları” araşdırmasının təqdimatı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, məktəbinin müəllim və şagird kollektivlərinin iştirak etdikləri seminar Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə icra edilən “Ağsuda tərəkəmə ənənələrinin araşdırılması, kitabın nəşri və seminarların keçirilməsi” layihəsi çərçivəsində aparılan araşdırmaların təqdimatına həsr olunub.
Pirhəsənli kənd məktəbinin direktoru Şakərəm Zeynalov tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillinin araşdırmalarının nəticəsi olan “Ağsuda tərəkəmə obaları: Axtaçılar, padarlar, kəngərlilər və qaraqoyunlular” monoqrafiyası haqqında fikirlərini bölüşüb. Qeyd edib ki, tərəkəmələrdən olan kəngərlilər həm də müasir Pirhəsənli kəndinin əsasını qoyublar.
Araşdırmaları haqqında təqdimatla çıxış edən Fariz Xəlilli bildirib ki, Şirvanın kəngərli tərəkəmələri əslində üç obadan ibarət olub. Onlardan biri Ağsu rayonunun Pirhəsənli kəndinin əsasını qoyan Pirhəsənli kəngərliləri, digər ikisi isə Kürdəmir rayonunun Böyük Kəngərli və Bala Kəngərli obalarıdır. Bəzi ehtimallara görə, 1782-ci ildə Quba xanı Fətəli xan Qarabağa yürüşü zamanı sosial bazasını genişləndirmək məqsədilə bəzi elatları Şirvana gətirib. Maraqlıdır ki, Pirhəsənli kəngərliləri həm Şirvanda, həm də Qarabağda eyniadlı kəndlər salıblar. Ağsu rayonunun böyük yaşayış məntəqələrindən olan Pirhəsənli kəndi XIX əsrin əvvəllərində Şirvan əyalətinin Xançoban mahalına, sonralar isə Şamaxı qəzasının Xançoban dairəsinə daxil edilib.
Layihənin eksperti fəlsəfə üzrə fəlsəfə doktoru Elmira Abasova qeyd edib ki, Xançoban mahalının Axtaçı, Qaraqoyunlu, Padar, Pirhəsənli obalarının əhalisinin 1831, 1849, 1864, 1873 və 1886-cı illər üzrə siyahıyaalınması tam dəqiqliklə araşdırılıb.
Pirhəsənli kənd tam orta məktəbinin tarix müəllimi Rəşad Zərbəliyev seminarın əhəmiyyətini yüksək qiymətləndirərək bildirib ki, gələcəkdə də tarix mövzulu seminar və “dəyirmi masa”ların keçirilməsi nəinki məktəblilərin, eləcə də müəllimlərin yeni elmi ədəbiyyat və nəşrlər haqqında dünyagörüşünü və düşüncələrini inkişaf etdirəcək.
Sonda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi tərəfindən yaradılan Xançoban folklor ansamblı milli vətənpərvərlik mövzusunda musiqi parçaları ilə çıxış edib.
“Ağsuda tərəkəmə obaları" araşdırmasının təqdimatının Ağsu rayonunun Qaraqoyunlu, Padar Gülmalı və Gəgəli kəndlərində də keçirilməsi nəzərdə tutulub.