REGİONLAR
Ağsudakı meyvə şirələri və şərab emalı zavodunda “açıq qapı günü” VİDEO
Ağsu, 28 avqust, Adil Ağayev, AZƏRTAC.
“Az-Qranata” MMC-nin Ağsu şəhərindəki meyvə şirələri və şərab emalı zavodunda geniş ictimaiyyəti istehsal prosesi, məhsulların ekoloji keyfiyyəti və saxlanılma şəraiti ilə ətraflı məlumatlandırmaq məqsədi ilə avqustun 28-də “açıq qapı günü” keçirilib.
AZƏRTAC xəbər verir ki, zavodun direktor müavini, texnika elmləri doktoru, professor Vüqar Mikayılov nəinki Azərbaycanda, eləcə də Cənubi Qafqazda ən böyük və müasir avadanlıqlarla təchiz olunan istehsal müəssisəsi və onun məhsulları barədə qonaqlara hərtərəfli bilgilər verib.
Prezident İlham Əliyevin 2011-ci ildə Ağsuya səfəri zamanı açılışında iştirak etdiyi zavod saatda 20 ton meyvə şirəsi, 3 ton şərab istehsal etmək gücünə malikdir. İstehsal olunan məhsullar dünyanın 20-dən çox ölkəsinə, o cümlədən Rusiya, ABŞ, Almaniya, Avstriya, Polşa və digər ölkələrə ixrac edilib. Məhsullar bir neçə dəfə beynəlxalq sərgilərdə qızıl medala layiq görülüb.
Azərbaycanda ilk dəfə olaraq burada tut, zoğal, ərik və gavalıdan tünd içkilərin sənaye üsulu ilə istehsalı həyata keçirilir. Yeni texnologiyalarla istehsalına başlanan yüksək keyfiyyətli “Ağsu” nar şərabı yaxın günlərdə Avropaya ixrac olunacaq. Zavodda, habelə Azərbaycanda ilk dəfə olaraq Şotlandiya üsulu ilə viski hazırlanır.
“Az-Qranata” MMC-nin meyvə şirələri və şərab emalı zavodunda 2013-cü ildə ilk dəfə olaraq sənaye üsulu ilə Azərbaycanın qədim milli spirtsiz içkisi olan “Abqora” (kal üzüm şirəsi və ya qora suyu) istehsalına başlayıb. Diabet xəstəliyindən, qan təzyiqindən əziyyət çəkənlər üçün əsl məlhəm olan, adı dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Sirlər xəzinəsi”ndə çəkilən “Abqora”nı indi fransızlar öz adlarına çıxarmağa çalışırlar.
“Açıq qapı günü”nə gələnlər zavodun istehsal sexləri, məhsulların qablaşdırılma və saxlanma şəraiti ilə tanış olublar. Vüqar Mikayılov onlara texnoloji proseslər, eləcə də əsasən Avropa ölkələrindən alınan ən müasir avadanlıqlar barədə məlumat verib və vurğulayıb ki, məhz müasir texnologiyaların tətbiqi bioloji təmiz məhsulların istehsalına imkan yaradır.
Qonaqlar tikilməkdə olan yeni istehsal sahələri və saxlanma anbarları ilə də tanış olublar.
Sonda zavodun məhsullarının, o cümlədən meyvə şirələri və şərabların dequstasiyası (tanıtımı) olub. Qonaqlar dadına baxdıqları məhsulların keyfiyyətindən razılıq ediblər.