CƏMİYYƏT
AIESEC-in Azərbaycan nümayəndəliyi Global mübadilə proqramı üzrə qəbul elan edir
Bakı, 25 fevral (AZƏRTAC). AIESEC təşkilatı dünyanın 110 ölkəsinin 1300-dən çox universitetin 38 000 tələbə və məzunlarını birləşdirən, BMT-də məsləhətçi statusu olan ən böyük tələbə təşkilatıdır. 2009-cu ildə Azərbaycan bu təşkilatın tam hüquqlu üzvü statusunu əldə etmişdir. Dünyanın ən böyük tələbə təşkilatı tərəfindən 2006-cı ilin iyun ayında “Karyera günləri,” 2007-ci ilin iyun ayında 5-ci Qara Dəniz Gənclər Konqresi, 2008 və 2009-cu ilin may aylarında isə “Global Village” adlı Mədəni festival təşkil edilmiş, bununla yanaşı bir sıra xarici ölkələrlə mübadilə proqramları həyata keçirilmişdir.
AIESEC-in Azərbaycan nümayəndəliyindən AZƏRTAC-a verilən məlumata görə, təşkilat öz üzvlərinin sayını artırmaq məqsədilə global mübadilə proqramı əsasında xaricdə təcrübə keçmək istəyən tələbə və ya universitetləri təzə qurtarmış məzunlar üçün qəbul elan edir.
Qeyd edək ki, təşkilata qəbul olmuş gənclər öz liderlik qabilliyyətlərini inkişaf etdirməklə yanaşı, dünyanın istənilən nöqtəsində dostlar əldə edəcək, fərqli mədəniyyətlərlə tanış olacaqlar, həmçinin AİESEC-in yerləşdiyi 110 ölkədə müxtəlif sahələr üzrə şirkətlərdə staj keçə biləcəklər.
Əlavə məlumat əldə etmək üçün gənclər www.aiesec.az saytına müraciət edə bilərlər.