CƏMİYYƏT
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi İsmayıllı rayonunda Yay Təlim Proqramı təşkil edir
![](/files/galleryphoto/2022/2/1200x630/16587481342048939482_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/165874813430544320_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/1658748134322240557_1200x630.jpg)
Bakı, 25 iyul, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi jurnalistika ixtisası üzrə təhsil alan tələbələr üçün İsmayıllı rayonunda Yay Təlim Proqramı təşkil edir.
Komitədən AZƏRTAC-a bildiriblər ki, təlimlərin keçirilməsində məqsəd jurnalistika fakültəsi tələbələrinin kütləvi informasiya vasitələrində ailə dəyərlərinin təbliği, qadın və uşaq məsələlərini əhatə edən mövzuların işıqlandırılması, mediada gender stereotipləri, məişət zorakılığı ilə mübarizə və digər mövzular üzrə maarifləndirilməsidir. Ümumilikdə, sadalanan məsələlər üzrə gənc jurnalist kadrların hazırlanması və ixtisaslaşmasının təmin edilməsidir.
“Ailə, qadın və uşaq məsələləri mediada” mövzusunda təlimlər iyulun 25-29-da keçiriləcək. Təlimlərdə Bakı Dövlət Universiteti, Slavyan Universiteti və Azərbaycan Dillər Universitetinin jurnalistika ixtisası üzrə təhsil alan III-IV kurs bakalavr və magistr tələbələri iştirak edəcəklər. Ekspertlər tərəfindən mediada gender stereotipləri, mediada cinsiyyətçilik, nifrət nitqi, cəmiyyətdə gender əsaslı ayrı-seçkiliyin qarşısının alınmasında medianın rolu, qadın və uşaq hüquqlarının qorunmasını təşviq edən beynəlxalq standartlar, həmçinin yerli qanunvericiliyin tələbləri, etik, hüquqi məsələlər, jurnalistlərin hüquqları, vəzifələri və digər mövzularda təqdimatlar, eyni zamanda müzakirələr keçirilir.
Təlimlər media üzrə ekspertlər və Dövlət Komitəsinin əməkdaşları tərəfindən aparılır. Proqram çərçivəsində İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinə ekskursiya təşkil edilməsi və mərkəzdə göstərilən xidmətlərlə tanışlıq nəzərdə tutulur.
Yekunda fəal iştiraka görə tələbələrə Dövlət Komitəsinin sertifikatları təqdim ediləcək.
Qeyd edək ki, Yay Təlim Proqramı “2021-2023-cü illər üzrə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Kommunikasiya Strategiyası”nın Tədbirlər Planının 4.3-cü bəndinin icrası məqsədi ilə keçirilir.