Ailədaxili şiddətin inkişaf etmiş ölkələrdə belə həll edildiyi söylənilə bilməz
Bakı, 10 aprel, AZƏRTAC
Aprelin 10-da Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Güclü qadın - güclü gələcək” gənc qızların maarifləndirilməsi və təşəbbüs institutu layihəsinin son təlimi və bağlanış mərasimi keçirilib.
Bu barədə AZƏRTAC-a Nərimanov Rayon Gənclər və İdman İdarəsindən məlumat verilib.
Mərasimdə “Yeni Gələcək” Gənclərin Maarifləndirməsi İctimai Birliyinin sədr müavini, layihə rəhbəri Fidan Əzizova layihənin əhəmiyyəti və məqsədindən söz açıb. Bildirib ki, layihənin əsas məqsədi şagird və tələbələrin bu sahədə maarifləndirilməsi, onların hüquqlarının təbliği, gender bərabərliyinin təmin olunması, qadın zorakılığı hallarının aradan qaldırılması olub.
Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov məişət zorakılığın kifayət qədər geniş yayıldığını, çətin həll oluna bilən və ciddi, bəzən də faciəli nəticələrə səbəb olan zərərli həyati situasiya olduğunu qeyd edib. Deyib ki, məişət zəminində törədilən zorakılıq cəmiyyət üçün ciddi nəticələrə gətirə bilər. Məişət zorakılığına daha çox müdafiəsiz vətəndaşlar kateqoriyası məruz qalır: qadınlar, uşaqlar, ahıllar və əlilliyi olan şəxslər.
Qeyd edilib ki, məişət zorakılığı geniş yayılmış problemlərdən biridir. Demək olar ki, əksər ailələrdə o, özünü müəyyən formalarda büruzə verir. Ailədaxili şiddət bu günün problemi deyil, tarixi qədimlərə gedib çıxır. Bu gün bəşəriyyətdə onun aradan qaldırılması istiqamətində hüquqi istiqamətdə işlər aparılır. Ancaq yenə də biz bu problemin hətta inkişaf etmiş ölkələrdə belə həll edildiyini söyləyə bilmərik, qismən tənzimləndiyini deyə bilərik. Ailədaxili şiddətin bir istiqaməti də psixoloji şiddətdir. Digər şiddət növlərinin də kökündə məhz psixoloji şiddət dayanır. Bu gün dünya, elm, texnologiya inkişaf edir, bununla paralel insanın həyat keyfiyyəti dəyişir, münasibətlərdə yeni yanaşmalar ortaya çıxır. Gender bərabərliyi bu prosesdə sadəcə bir istiqamətdir. Bundan irəli gələn məsələlər hələ də tam həll olunmayıb.
Sonda təlimçi və psixoloq gəncləri maraqlandıran sualları cavablandırıblar.