MƏDƏNİYYƏT
Akademik Musiqili Teatr “Laçının azad olunmasına görə” medalı ilə təltif olunan gənc balet artisti ilə qürur duyur…
![](/files/galleryphoto/2022/2/1200x630/16540128463070351540_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/1654012846442805350_1200x630.jpg)
Bakı, 31 may, AZƏRTAC
Müstəqillik Günü münasibətilə Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Dövlət Akademik Musiqili Teatrının balet artisti, döyüşçü Murad Ağayevə “Laçının azad olunmasına görə” medalı və vəsiqəsi təqdim olunub.
AZƏRTAC xəbər verir ki, Vətən müharibəsində igidlik göstərən Murad Ağayev bu mükafata ölkə başçısının müvafiq Sərəncamı ilə layiq görülüb.
Füzulidən Şuşayadək döyüş yolu keçən Murad Ağayev ona təqdim edilən dəyərli təltifə görə ölkə başçısına təşəkkürünü bildirib və bu münasibətlə onu təbrik edən teatr kollektivi qarşısında çıxış edib, təəssüratlarını bölüşüb.
“Ötən il ölkə başçısının müvafiq Sərəncamı ilə “Laçının azad olunmasına görə” medalına layiq görülmüşəm. Lakin medalın təqdimatı 28 May - Müstəqillik Günü münasibətilə həyata keçirildi. Bu sonsuz sevincimi kollektivimizlə bölüşmək istəyirəm.
Akademik Musiqili Teatr ailəsinin bir üzvü kimi 44 günlük Vətən müharibəsində könüllü olaraq döyüşlərdə iştirak etdiyimə görə qürur duyuram. Bu medalı da o biri uğurlarım kimi kollektivimizə aid edirəm… Belə düşünməyə mənəvi səbəblərim var. Kollektivimizin üzvləri müharibə dönəmində arxa cəbhədə daim bizim ailələrimizin yanında oldu, həmçinin ön cəbhədə də fəallıq göstərdi, döyüşdü…Teatrımızın işıqçısı Əliağa Məmmədov 19 yaşında, ömrünün ən gözəl çağında şəhid oldu... Bütün şəhidlərimizlə qürur duyuram”, - deyə Murad Ağayev bildirib.
Qeyd edək ki, Bakı Xoreoqrafiya Akademiyasının kollecini bitirən Murad Ağayev 2015-ci ildən Akademik Musiqili Teatrda çalışır, indiyə qədər teatrın repertuarında olan əksər tamaşalarda iştirak edib. Böyük qələbədən sonra teatrda ona baletmeyster assistenti vəzifəsinin icrası da həvalə olunub.