Akademik Zərifə xanım Əliyevanın anadan olmasının ildönümünə həsr olunan videoçarx hazırlanıb
İsmayıllı, 27 aprel, AZƏRTAC
İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən İsmayıllı rayon Heydər Əliyev Mərkəzi, Fazil Əzimov adına Uşaq İncəsənət məktəbi və mərkəzləşdirilmiş kitabxana sistemi akademik Zərifə xanım Əliyevanın anadan olmasının 97-ci ildönümü münasibətilə görkəmli alimin zəngin həyatından bəhs edən videoçarx hazırlayıblar.
Regional Mədəniyyət İdarəsinin mətbuat katibi Aysu Nəcəfli AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, videoçarxda görkəmli oftalmoloq-alimin şərəfli ömür yaşadığı, tibb elminin ən uca pillələrinə yüksəldiyi, çox məsuliyyətli, eyni zamanda, ibrətamiz, nümunəvi bir həyat yolu keçdiyi göstərilib.
Videoçarxda İsmayıllı rayon Heydər Əliyev Mərkəzinin dərnək üzvləri tərəfindən Zərifə Əliyevaya həsr olunmuş şeirlər səsləndirilib, Uşaq İncəsənət Məktəbinin müəllimləri “Ana” mahnısını ifa ediblər.