İDMAN
Aleksandr Jukov: Gələcəkdə Avropa Oyunlarının Rusiyada keçirilməsi imkanlarını nəzərdən keçirəcəyik
![Aleksandr Jukov: Gələcəkdə Avropa Oyunlarının Rusiyada keçirilməsi imkanlarını nəzərdən keçirəcəyik](/files/2015/2/1200x630/14354742871420018748_1200x630.jpg)
Bakı, 28 iyun, AZƏRTAC
Gələcəkdə Avropa Oyunlarının Rusiyada keçirilməsi imkanlarını nəzərdən keçirəcəyik.
AZƏRTAC “olympic.ru” saytına istinadla xəbər verir ki, bu sözləri Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov “Bakı-2015” ilk Avropa Oyunlarının yekunları və təşkilatçılıq barədə təəssüratlarını bölüşərkən deyib. A.Jukov ilk Avropa Oyunlarının uğurlu alındığını, yarışların maraqlı mübarizə şəraitində keçdiyini və yüksək səviyyədə təşkil olunduğunu qeyd edib.
“Qitənin ən güclü atletlərinin mübarizə apardığı Oyunlarda Rusiya komandasının birinci olması isə möhtəşəm nəticədir. Rusiya Olimpiya Komitəsi adından azərbaycanlı həmkarlarımızı ilk Avropa Oyunlarının uğurla keçirilməsi münasibətilə təbrik edirəm. Bütün yarışlar ən yüksək səviyyədə təşkil edildi. Məsələn, Bakıdakı arenaları London Olimpiadasının idman qurğuları ilə müqayisə edərdim. Çox gözəl idman obyektləri inşa olunub, arenalarda ab-hava möhtəşəm idi və könüllülər çox yaxşı çalışırdılar. Arenalarda tribunalar tam dolu idi və tamaşaçılar fəal şəkildə dəstək nümayiş etdirirdilər”, - deyə Rusiya Olimpiya Komitəsinin prezidenti bildirib.
A.Jukov Avropa Oyunlarının proqramında qeyri-olimpiya idman növlərinin yer almasını düzgün qərar adlandırıb.
“Əlbəttə ki, birinci Avropa Oyunlarının proqramına qeyri-olimpiya idman növlərinin də daxil edilməsi düzgün qərardır. Azarkeşlər bu idman növləri ilə daha yaxından tanış olmaq, müsbət məqamları qiymətləndirmək və yeni yarışları izləmək imkanı qazanırlar. Misal üçün, Rusiya sambo idman növünün Olimpiya Oyunlarının proqramına daxil edilməsinə çalışır. Bu səbəbdən, sambonun Asiya və Avropa Oyunları kimi vacib yarışların tərkib hissəsi olmasını yüksək qiymətləndirirəm. Fikrimcə, yarışlar çox maraqlı keçdi və xoş təəssüratlar yaratdı”, - deyə o bildirib.
Aleksandr Jukov Rusiyanın gələcəkdə Avropa Oyunlarına ev sahibliyi edə biləcəyini vurğulayıb: “Rusiyanın minimum 4 şəhəri - Moskva, Sankt-Peterburq, Soçi və Kazan bu Oyunları qəbul etməyə tam hazırdır. İdman infrastrukturu və obyektlər tikilib, qonaqlar və iştirakçılar üçün hər cür şərait mövcuddur. Ona görə də gələcəkdə Avropa Oyunlarının Rusiyada keçirilməsi imkanları barədə düşünürük”.