DÜNYA
Almalık Dağ-Mədən Kombinatının fəaliyyətə başlamasının 70 illiyi qeyd edilib
![](/files/galleryphoto/2019/3/1200x630/15720719506270846851_1200x630.jpg)
![](/files/galleryphoto/2019/3/1200x630/15720719504281353814_1200x630.jpg)
![](/files/galleryphoto/2019/3/1200x630/157207195096482174_1200x630.jpg)
Daşkənd, 26 oktyabr, AZƏRTAC
Özbəkistandakı Almalık Dağ-Mədən Kombinatının 70 illiyi ilə əlaqədar 5 ton ağırlığında plov hazırlanıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə hökumət və parlament üzvləri, kombinatın xarici tərəfdaşlarının nümayəndələri, burada çalışan fəhlələr və jurnalistlər iştirak edib.
Tədbirdə Özbəkistanın Baş Naziri dövlət başçısı Şavkat Mirziyoyevin təbrik məktubunu oxuyub. Təbrikdə deyilir ki, Özbəkistanın qiymətli və rəngli metalları bütün dünyada tanınır. Kombinat mis, molibden, polimetal, tərkibində qızıl olan mineralların çıxarılması üzrə ixtisaslaşıb və bu sahədə böyük uğurlar əldə olunub.
Çıxışlarda vurğulanıb ki, kombinat yalnız Özbəkistanda deyil, bütün dünyada bu istiqamətdə aparıcı müəssisələrdən sayılır və burada 35 mindən çox adam çalışır.
Yubileylə bağlı əmək veteranlarına və qabaqcıl işçilərə orden və medallar təqdim edilib.
Yubiley tədbiri geniş konsert proqramı ilə başa çatıb.
Sonra qonaqlar kombinatın istehsalı olan nəhəng qazanda 5 ton ağırlığında olan plovun bişirilməsinin son dəqiqələrində iştirak ediblər.
Qonaqlar və kombinatın işçiləri plovun dadına baxdıqdan sonra bu milli təam Almalıkdakı uşaq və qocalar evlərinə göndərilib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd