Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə Vəkillər Kollegiyası arasında əməkdaşlığın inkişafı müzakirə edilib
Bakı, 15 fevral, AZƏRTAC
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşma” regional proqramının rəhbəri Tomas Meyer, layihənin Azərbaycan bölməsinin təmsilçiləri Şakir Səfərbəyov və vəkil Elçin Usub Vəkillər Kollegiyasının Rəyasət Heyətində olublar.
Vəkillər Kollegiyasından AZƏRTAC-a bildiriblər ki, görüşdə GIZ-in Vəkillər Kollegiyasına verdiyi texniki dəstəyi və onun nəticələri barədə fikir mübadiləsi aparılıb. Ötən il vəkillər üçün inzibati prosesə dair silsilə təlimlər, regionlarda məktəblilər üçün vəkillər tərəfindən hüquqi maarifləndirmə üzrə təlimləri, habelə “Azərbaycan vəkili” jurnalının nəşrinə dəstək təşəbbüsləri xüsusi qeyd olunub.
Göstərilmiş dəstəyə görə Almaniya hökumətinə, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinə və layihənin icraçılarına təşəkkür ifadə olunub, əməkdaşlığın gələcəkdə də davam etdirilməsinin zəruriliyi vurğulanıb.
Vəkillər Kollegiyası ilə GIZ arasında əməkdaşlığın inkişafına verdiyi dəstəyə görə regional proqramın rəhbəri Tomas Meyer Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif olunub. Həmçinin proqramın əməkdaşı Şakir Səfərbəyova “Təşəkkürnamə” təqdim edilib.