DÜNYA
Almaniya və İtaliyada mafiyaya qarşı reydlər zamanı 169 nəfər saxlanılıb
Bakı, 9 yanvar, AZƏRTAC
Polis Almaniya və İtaliyada “Ndrangheta” mafiya qruplaşması ilə əlaqədə şübhəli bilinən 169 nəfəri saxlayıb.
AZƏRTAC BBC agentliyinə istinadla xəbər verir ki, reydlərin əksəriyyəti İtaliya ərazisində, o cümlədən qruplaşmanın bazasının yerləşdiyi Kalabriya vilayətində keçirilib. Almaniyada isə 13 nəfər saxlanılıb. Onlar mafiya ilə əlaqəli firmaların ərzaqlarını İtaliya restoranlarına zorla sırımaqda şübhəli bilinirlər.
Həmçinin reydlər nəticəsində 50 milyon avro dəyərində aktivlər müsadirə olunub. Polis bəzi yerli məmurların və siyasətçilərin də korrupsiyaya qurşandığını desə də, onların adları açıqlanmır. Əməliyyatlar İtaliya və Almaniyanın xüsusi xidmət orqanları tərəfindən müştərək həyata keçirilib.
Polisin məlumatına əsasən, Farao və Marinkola mafiya klanları qüvvələrini birləşdirərək həm İtaliyada, həm də Almaniyada biznesə - əsasən də şərab və qida ticarəti və ritual xidmət sahələrinə daxil olmağı bacarıb. Klanlardan biri Avropada kokain ticarətinə nəzarəti ələ keçirib. Həbslər nəticəsində qruplaşmada demək olar ki, heç kim qalmayıb.
Şübhəlilər pulların yuyulması, silah gəzdirmə qaydalarının pozulması, maşın oğurluğu və dələduzluqda ittiham olunurlar. Saxlanılan şəxslərin arasında Kalabriya vilayətindəki Krotone şəhərinin meri və daha iki məmur da var.