ALMANİYADA XƏSTƏYƏ HƏR İKİ QOL KÖÇÜRÜLMÜŞDÜR
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Almaniya həkimləri 6 il əvvəl bədbəxt hadisə nəticəsində hər iki qolunu itirmiş 54 yaşlı xəstəyə yeni qolların köçürülməsi üzrə qeyri-adi cərrahiyyə əməliyyatı aparmışlar. Bu əməliyyata vəfat etmiş gənc donorun qohumları razılıq vermişlər. Xəstə Münhen klinikasından evə buraxılsa da, onu uzunmüddətli reabilitasiya prosesi gözləyir. Həkimlərin sözlərinə görə, hər qolun köçürülməsi 15 saat çəkmişdir. Lakin əməliyyatın uğurlu alınıb-alınmaması barədə danışmaq hələ tezdir, çünki kişi yeni ətraflarını təxminən 2 ildən sonra tərpədə biləcəkdir.
Bundan əvvəl də oxşar əməliyyatlar aparılmışdır. Lakin indiki halda söhbət ətrafların, o cümlədən bazuönünün köçürülməsindən gedir. 2003-cü ildə Avstraliya həkimləri yalnız biləkləri və əlləri köçürə bilmişdilər.
Bu unikal cərrahiyyə əməliyyatında 40-dan çox həkim, tibb bacısı və assistent iştirak etmişdir. Cərrahlar bildirirlər ki, əməliyyat zamanı ən böyük problem xəstənin orqanizmi, yeni ətrafları və əzələləri arasında qan dövranını tənzimləmək idi. Həkimlər yeni ətrafların xəstənin orqanizmi tərəfindən qəbul edilib-edilməyəcəyini nəzarət altında saxlamalıdırlar.