ALMATIDA TÜRK DÜNYASI SOSİOLOQLARININ II QURULTAYI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, aprelin 23-dən 26-dək Qazaxıstanın Almatı şəhərində türk dünyası sosioloqlarının II qurultayı keçirilmişdir.
Azərbaycan sosioloqlarının da təmsil olunduqları qurultayın işində Türkiyə və Mərkəzi Asiya türk respublikalarından, Avropa, Amerika və Rusiyadan 150 alim iştirak etmişdir. 2005-ci ildə Türkiyənin Kocaeli vilayətində keçirilmiş qurultayda təsis olunmuş Türk Dünyası Sosioloqlar Birliyinin və Qazaxıstan Sosioloqlar Assosiasiyasının təşkilatçılığı, Qazaxıstan Prezidenti Aparatının, Mədəniyyət və İnformasiya Nazirliyinin dəstəyi ilə keçirilən qurultayın əsas mövzusu “XXI əsrdə vətəndaş cəmiyyəti və sosial tərəqqi” olmuşdur.
Ümumi iclasda çıxış edən Türk Dünyası Sosioloqlar Birliyinin prezidenti, professor Korkut Tuna müasir qloballaşma şəraitində ayrıca fərd və ya bütöv cəmiyyətin yalnız özünəməxsusluğunu qoruyub inkişaf etdirməklə istədiyinə nail ola biləcəyini xüsusi vurğulamış, bu qurultayın türk xalqları və ölkələri arasında qarşılıqlı elmi əlaqələrin dərinləşdirilməsi sahəsində mühüm əhəmiyyətə malik olduğunu qeyd etmişdir.
Üç gün davam edən qurultayın plenar və bölmə iclaslarında türk dünyasının aktual problemləri mövzusunda məruzələr dinlənilmiş, fikir mübadiləsi aparılmışdır.
Qurultayın sonuncu günü Qazaxıstan Sosioloqlar Assosiasiyasının prezidenti M.Tajin bir qrup nümayəndə heyətini qəbul etmişdir. Görüş zamanı Türk Dünyası Sosioloqlar Birliyinin ortaq jurnalının nəşr edilməsi, türk dünyasının sosiologiya tarixi mövzusunda ortaq monoqrafiyanın hazırlanması və birgə sosial tədqiqatların aparılması məsələləri müzakirə edilmiş, təkliflər razılıqla qarşılanmışdır.
Qurultayın sonuncu ümumi iclası birliyin təşkilati məsələlərinin və qurultayın nəticələrinin müzakirəsinə həsr olunmuşdur. M.Tajin, Qırğızıstan Sosioloqlar Assosiasiyasının prezidenti professor Hüseyn İsayev və Azərbaycan Sosioloqlar Birliyinin icraçı direktoru Əbülfəz Süleymanov Türk Dünyası Sosioloqlar Birliyinin vitse-prezidentləri vəzifələrinə təyin olunmuşlar.
Türk dünyası sosioloqlarının III qurultayının 2010-cu ilin iyununda Bişkekdə keçirilməsi təklifi qurultay iştirakçıları tərəfindən yekdilliklə qəbul edilmişdir.