CƏMİYYƏT
Altmış dörd mediatora prokurorluq orqanlarının ümumi fəaliyyəti barədə məlumat verilib
![](/files/galleryphoto/2024/1/1200x630/17055795794376958335_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/1/1200x630/17055795795211644023_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/1/1200x630/17055795794970959399_1200x630.jpeg)
Bakı, 18 yanvar, AZƏRTAC
Yanvarın 17-də Baş Prokurorluğun və Mediasiya Şurasının birgə təşkilatçılığı ilə Baş Prokurorluqda “Əsas insan hüquq və azadlıqlarının qorunmasında prokurorluq orqanlarının rolu” mövzusunda təlim keçirilib.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib.
Qeyd olunub ki, təlimdə iştirak edən ümumilikdə 64 mediatora Baş Prokurorluğun əməkdaşları tərəfindən prokurorluq orqanlarının ümumi fəaliyyəti barədə məlumat verilib. Eləcə də mediasiya haqqında qanunvericiliyin pozulması, inzibati xətalar və cinayət qanunvericiliyi normalarının tətbiqi halları, ağır və xüsusilə ağır cinayət hadisələri barədə məlumat vermə mexanizmi, yetkinlik yaşına çatmayanlar və qadınların hüquqlarının müdafiə edilməsi, məişət zorakılığı hallarının aşkar edilməsi, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə, korrupsiya və vəzifə cinayətləri mövzuları ətrafında seminarlar keçirilib.
Təlimdə, həmçinin qarşılıqlı fikir mübadiləsi əsasında mediasiya haqqında qanunvericiliyin inkişafı perspektivi, mediasiya prosesinin rəqəmsallaşdırılması sahəsində Baş Prokurorluğun təcrübəsinin tətbiqi məsələləri müzakirə olunub.
Sonda iştirakçılara Baş Prokurorluğun sertifikatları təqdim edilib.