DÜNYA
“Amazon” şirkəti yeni “Dash” adlı qurğusunu təqdim etmişdir
Bakı, 8 aprel (AZƏRTAC). “Amazon” şirkəti ştrix-kodların portativ skanerini təqdim etmişdir. Mütəxəssislərin sözlərinə görə, yeni “Dash” adlı qurğu istifadəçiləri supermarketlərə baş çəkmək məcburiyyətindən azad edərək, məhsul sifarişini sadələşdirəcəkdir.
AZƏRTAC hitech.newsru.com saytına istinadən xəbər verir ki, “Dash” Wi-Fi ilə təchiz olunmuş kiçik ştrix-kod skanerindən ibarətdir. Skaner evdə internet şəbəkəsinə qoşulduqdan sonra, smartfon və ya planşet üçün nəzərdə tutulmuş xüsusi proqram vasitəsilə işə salınır. Bu və ya digər məhsulun ştrix-kodunu skan edərək istifadəçi avtomatik olaraq onu AmazonFresh supermarketi saytının səbətinə əlavə edir. Bundan sonra istifadəçiyə yalnız öz sifarişini təsdiq etmək lazımdır. Çatdırılma isə növbəti gün həyata keçirilir.
Bundan başqa, qurğunu səs komandaları ilə də idarə etmək mümkündür. Lazımi məhsulun adını tələffüz etmək üçün müvafiq düyməni basmaq kifayətdir. Bundan sonra məhsul sifariş olunur.