AMEA-nın Genetik Ehtiyatlar İnstitutunda yeni aparat quraşdırılmışdır
Bakı, 10 yanvar (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutunda “Gələcək nəsil sekvenseri” adlı yeni aparat quraşdırılmışdır.
İnstitutdan AZƏRTAC-a bildirmişlər ki, Amerikanın “Life Technologies” şirkətinin alimləri tərəfindən hazırlanmış texnologiya vasitəsilə insan genomunun oxunmasına cəmi 3 saat vaxt sərf edilir. İşlər Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə “Azərbaycanın torpaq və bitki genetik müxtəlifliyinin səmərəli istifadəsi istiqamətində fundamental tədqiqatların maddi-texniki bazasının gücləndirilməsi” adlı pilot layihə çərçivəsində həyata keçirilir.
Gələn il yekunlaşacaq layihənin rəhbəri institutun direktoru, aqrar elmlər üzrə elmlər doktoru Zeynal Əkpərovdur. Onun sözlərinə görə, gələcək nəsil sekvenseri insan genomu, bitki genetik ehtiyatlarının pasportlaşdırılması, kəmiyyət və keyfiyyət əlamətlərini idarə edən genlərin identifikasiyası, genom seleksiyası və genləri dəyişdirilmiş orqanizmlərin təyini üzrə ən müasir tədqiqat işləri aparmağa imkan verir.
Layihə çərçivəsində il ərzində institutda bir neçə seminarın təşkil olunması, 5 nəfər gənc tədqiqatçının 1-2 ay müddətində ABŞ, Fransa, Böyük Britaniya , İsrail və Türkiyədə təlim kursu keçməsi planlaşdırılmışdır. Hazırda həmin ölkələrin qabaqcıl genomika və biotexnologiya laboratoriyaları ilə müzakirələr aparılır.