AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun gənc alimləri Fransada təlim kursu keçmişlər
Bakı, 20 mart (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Genetik Ehtiyatlar İnstitutunun gənc alimləri - biologiya üzrə fəlsəfə doktorları Cavid Ocaqi və Samirə Salayeva Fransanın Bordo şəhərində yerləşən Milli Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutunun meyvələrin biologiyası və patologiyası şöbəsində bir ay müddətində təlim kursu keçmişlər.
İnstitutdan AZƏRTAC-a bildirmişlər ki, kurs “STONE” layihəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun 2-ci qrant müsabiqəsinin qalibi olmuş “Azərbaycanın torpaq və bitki genetik müxtəlifliyinin səmərəli istifadəsi istiqamətində fundamental tədqiqatların maddi-texniki bazasının gücləndirilməsi” adlı pilot layihə çərçivəsində həyata keçirilmişdir.
Genetik Ehtiyatlar İnstitutunun gənc alimləri Gələcək Nəsil Sekvenseri vasitəsilə bitki orqanizmlərinin bütöv genomlarının nukleotid ardıcıllıqlarının oxunması nəticəsində əldə olunan xam məlumatların bioinformatik və biostatistik üsullarla analizini öyrənmək məqsədilə tədqiqatlar aparmışlar.
Gənc alimlər təlim kursunun nəticələri ilə bağlı AMEA-nın Genetik Ehtiyatlar İnstitutunda “Genomun nukleotid ardıcıllığının Sanger və Gələcək Nəsil Sekvenseri vasitəsilə oxunma prinsipləri” və “Gələcək Nəsil Sekvenseri vasitəsilə əldə olunmuş nəticələrin analizi, SNP-lərin aşkarlanması” mövzusunda elmi seminar keçirmişlər.