AMEA-NIN GEOLOGİYA İNSTİTUTU 70 YAŞINI QEYD ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, aprelin 25-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunun 70 illiyinə həsr edilmiş elmi sessiya keçirilmişdir.
AMEA Rəyasət Heyətinin, Geologiya İnstitutunun, Yer elmləri bölməsinin və Azərbaycan Geoloqlarının Milli Komitəsi tərəfindən təşkil olunmuş tədbirdə AMEA-nın prezidenti, akademik Mahmud Kərimov qonaqları salamlamış və yubilyar institutun kollektivini təbrik etmişdir.
İnstitutun direktoru akademik Akif Əlizadə bildirmişdir ki, təmsil etdiyi qurumun yaradılması 1926-cı ildə Bakıda Azərbaycanın Öyrənilməsi və Tədqiqi Cəmiyyətinin təşkili ilə bağlıdır. Cəmiyyət həm də geologiya və geofizika sahəsində tədqiqatlar aparmışdır. 1932-ci ildə qurumun əsasında SSRİ Elmlər Akademiyasının Zaqafqaziya Filialının Azərbaycan şöbəsi təsis edilmişdir. Üç il sonra həmin sahənin əsasında SSRİ Elmlər Akademyasının Azərbaycan Filialı təşkil olunmuş və tərkibinə bir sıra institutlarla yanaşı geologiya sektoru da daxil edilmişdir. Nəhayət, 1938-ci ildə bu sektor müstəqil elmi-tədqiqat müəssisəsi kimi Geologiya İnstitutuna çevrilmişdir. O vaxtdan indiyədək institutun fəaliyyəti kəşfetmə və liderlik ruhu ilə səciyyələnir.
Akademik institutun ötən illərdəki nailiyyətləri barədə də söz açmışdır.
Daha sonra geologiya elminin müxtəlif istiqamətlərində aparılmış fundamental elmi tədqiqatlar və əldə olunmuş mühüm elmi nəticələr barədə məruzələr dinlənilmişdir.
Geologiya İnstitutu direktorunun müavini akademik İbrahim Quliyevin “Sürətlə çökələn hövzələrin karbohidrogen sistemləri və palçıq vulkanizmi”, AMEA Yer elmləri bölməsinin rəhbəri akademik Arif İsmayılzadənin “Qafqazın alp maqmatizminin təkamülü və metallogeniyası” və institutun Geotektonika və geodinamika şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü Fəxrəddin Qədirovun “Müasir geodinamikanın geofiziki paradiqmaları” mövzularında məruzələri maraqla qarşılanmışdır.
Tədbirdə təbrik sözləri səslənmiş, institutun yeni nəşrlərinin təqdimatı olmuşdur.