AMEA-nın Naxçıvan Bölməsində birinci yarım illiyin yekunları müzakirə edilmişdir
Naxçıvan, 11 iyul (AZƏRTAC, Tural Kəngərli). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Naxçıvan Bölməsində dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasından irəli gələn vəzifələrin icrasına və qurumun yarım illik fəaliyyətinin yekunlarına həsr olunmuş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq muxtar respublikanın 2014-cü ilin birinci yarısındakı sosial-iqtisadi inkişafı barədə məlumat vermiş, bəhs olunan dövrün Naxçıvan üçün uğurlu olduğunu bildirmişdir.
Sonra bölmə sədrinin AMEA Naxçıvan Bölməsinin 2014-cü ilin birinci yarısındakı fəaliyyətinin yekunları barədə məruzəsi dinlənilmişdir.
Qeyd olunmuşdur ki, cari ilin birinci yarısında AMEA Naxçıvan Bölməsi əməkdaşlarının 9 monoqrafiya, 1 kitab, 268 məqalə və konfrans materialı, 3-ü tezisi olmaqla 281 elmi əsəri nəşr edilmişdir. Əsərlərdən 1 monoqrafiya, 92 məqalə və konfrans materialı xaricdə çapdan çıxmışdır. Cari ilin altı ayı ərzində bölmədə humanitar və ictimai, təbiət və texniki elmlər seriyasından ibarət olan “Xəbərlər” jurnalının 2 nömrəsi çapdan çıxmışdır. Bu nömrələrdə bölmə əməkdaşlarının 57 məqaləsi işıq üzü görmüşdür. Bu ilin birinci yarısında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan tarixi” çoxcildliyinin hazırlanması və nəşr olunması barədə” Sərəncamına əsasən, çoxcildliyin ikinci cildi nəşrə hazırlanmış, hazırda üçüncü cildin materialları üzərində iş aparılır.
Bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun 2013-cü ildə qrant layihələri müsabiqəsində qalib olmuş AMEA-nın müxbir üzvü V. Baxşəliyevin rəhbərliyi ilə “I Kültəpə və onun ətrafında araşdırmalar”, filologiya üzrə fəlsəfə doktoru R. Babayevin rəhbərliyi ilə “Naxçıvan folklorunun toplanması, tədqiqi və nəşri” və M.Tahirovun “Batabat Astrofizika Rəsədxanasının fotometrik cihazlarla təmini” qrant layihələri çərçivəsində elmi-tədqiqat işləri cari ilin birinci yarısında uğurla davam etdirilmiş və hesabatlar müvafiq quruma təqdim olunmuşdur.
Qeyd edilmişdir ki, hesabat ilində AMEA-nın Naxçıvan Bölməsinin əməkdaşlarından 1 nəfər fəlsəfə doktoru dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmiş, 3 nəfərin isə fəlsəfə doktoru elmi dərəcəsi üzrə dissertasiyası müzakirədən keçərək müdafiəyə buraxılmışdır. Bölmə əməkdaşlarından 1 nəfər AMEA-nın həqiqi üzvü, 3 nəfər AMEA-nın müxbir üzvü seçilmiş, 1 nəfər professor, 8 nəfər dosent elmi adı almışdır.
Vurğulanmışdır ki, hesabat dövründə AMEA Naxçıvan Bölməsində 1 beynəlxalq, 20 respublika səviyyəli konfrans və tədbir, Heydər Əliyev Lektoriyasının 3 məşğələsi, 7 iclas, 23 seminar keçirilmişdir. AMEA Naxçıvan Bölməsi ilə Polşa Elmlər Akademiyasının Krakov Bölməsi arasında “2014-2016-cı illər üzrə elm sahəsində əməkdaşlıq haqqında” protokol imzalanmışdır.
Tədbirdə AMEA Naxçıvan Bölməsi rəyasət heyətinin üzvlərindən akademik üzvü Tariyel Talıbov, AMEA-nın müxbir üzvləri Fəxrəddin Səfərli və Əbülfəz Quliyev çıxış edərək ilin birinci yarısında görülən işləri müsbət qiymətləndirmiş, təkliflər səsləndirmişlər.
Tədbirə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev yekun vurmuşdur.