ELM VƏ TƏHSİL
AMEA-nın Zoologiya İnstitutu nərə balıqlarının ehtiyatının artırılması istiqamətində tədqiqatlar aparır
Bakı, 7 avqust (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutu nərə balıqlarının ehtiyatının artırılması istiqamətində tədqiqatlar aparır. Alimlər 10 qramlıq nərə balıqlarının çəkisinin 2 il müddətində 2-3 kiloqrama çatdırılmasını planlaşdırırlar. Nəticədə balıqçılıq təsərrüfatında uğur kimi il ərzində 15-20 ton nərə balığı yetişdirilə bilər.
AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, işlər Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) maliyyə vəsaiti ilə həyata keçirilir. “Nərə balıqlarının və çox iri ölçülü makrobraxium şirin su krevetlərinin qapalı su təchizatlı qurğularda akvakultura şəraitində intensiv yetişdirilməsi (pilot layihə üçün konsepsiyanın hazırlanması)” adlı layihənin dəyəri 50 min manatdır. Layihənin rəhbəri Zoologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü İlham Ələkbər bildirmişdir ki, layihə çərçivəsində mövzuya dair beynəlxalq konfrans keçiriləcəkdir. “Nərə balıqlarının süni şəraitdə çoxaldılması” mövzusunda tədbirdə Latviya, Almaniya, Rusiya, Türkiyə və Belçikadan dəvət olunacaq alimlər apardıqları elmi-tədqiqatlardan danışacaq, təcrübələrini bölüşəcəklər. Gələn ilin yayında tədqiqatların davam etdirilməsi üçün EİF-ə 1 milyon 500 min manat dəyərində növbəti layihə təqdim olunacaqdır.