Amerikalı müəllim 100 min dollar tapmış və onu sahibinə qaytarmışdır
Bakı, 13 noyabr (AZƏRTAC). ABŞ-ın Konnektikut ştatındakı Nyu-Heyven şəhərində yaşayan ravvin Noa Muroff öz vicdanlı hərəkəti ilə bütün dünyanı heyrətləndirmişdir.
Elanlar saytı vasitəsilə köhnə bir yazı masası almış Noa Muroff bu masanın yeşiklərindən birinin içində 98 min dollar nağd pul tapmışdır.
Yazı masası Muroffun kabinetinin qapısından keçmədiyinə görə, onu sökmək lazım gəlmişdir. Masanın yeşiklərini çıxararkən orada əskinasla dolu bir paket görən ravvin həddən artıq heyrətlənmişdir.
Noa Muroff yerli jurnalistlərlə söhbətində demişdir: “Mən arvadımı çağırdım, bir-birimizin üzünə baxdıq və başa düşdük ki, biz bu pulları özümüzə saxlaya bilmərik.
İTAR-TASS agentliyi bu barədə xəbərə onu da əlavə etmişdir ki, ravvin Nyu-Heyven şəhərində məktəb müəllimi işləyir.
Muroff yazı masasını ona 150 dollara satmış qadına zəng vuraraq tapdığı pul barədə ona məlumat vermişdir. Ravvin demişdir: “Qadın o qədər heyrətlənmişdi ki, deməyə söz tapmırdı. Bu pullar ona miras qalmışdı. O, pulları yazı masasının yeşiyində gizlətmiş, sonra isə tamam unutmuşdu”.
Ertəsi gün Noa Muroff və arvadı həmin pulları öz sahibinə çatdırmağa gedəndə özlərinin dörd uşağını da götürmüşdülər, istəyirdilər ki, namuslu olmağın vacibliyini onlara da nümayiş etdirsinlər.
Pulların sahibi təşəkkürünü bildirərək demişdir: “Sizin kimi hərəkət edə biləcək adamların Yer üzündə çox olmasını güman etmirəm”.