ELM VƏ TƏHSİL
“Ana dilimiz və təhsil” layihəsi çərçivəsində növbəti tədbir
![](/files/galleryphoto/2024/2/1200x630/17175858252951161594_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17175858252667963016_1200x630.jpg)
Bakı, 5 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin təşkilatçılığı ilə Şəki şəhər R.Əfəndiyev adına 10 nömrəli tam orta məktəbdə “Ana dilimiz və təhsil” layihəsi çərçivəsində tədbir keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində, həmçinin Şəki rayonunun Baş Zəyzid kənd tam orta məktəbində və Şəki şəhər 12 nömrəli tam orta məktəbdə, “Kanal-S” yerli televiziya şirkətində görüşlərin keçirilməsi nəzərdə tutulub.
Şəki şəhər R.Əfəndiyev adına 10 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə Mərkəzin direktoru professor Sevinc Əliyeva, direktor müavini dosent Gülarə Əmirova və şöbə müdiri dosent Şahlar Məmmədov, həmçinin 10 nömrəli tam orta məktəbin direktoru Büllur Abdulsəlimli və müəllim-şagird heyəti iştirak edib.
Çıxış edənlər Azərbaycan dilinin mövcud vəziyyəti, orta məktəblərdə ana dilinin tədrisi, Azərbaycan dilində səlis danışıq və düzgün yazı vərdişlərinin inkişafından danışaraq mövcud problemlərin həlli istiqamətində tövsiyə və təkliflərini tədbir iştirakçılarının diqqətinə çatdırıblar.
Dosent Gülarə Əmirova tərəfindən keçirilmiş interaktiv təlimdə fəal iştirak edən şagirdlər müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.
Şagirdlərin təqdimatında “Şirin dil” mahnısı, Ümummilli Lider Heydər Əliyevin, Prezident İlham Əliyev və alimlərimizin dilimizlə bağlı aforizmləri, həmçinin “elə yox, belə” interaktiv oyunu tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.