ANAMA-nın mütəxəssisləri Qazax rayonunda top mərmiləri aşkarlayıblar
Bakı, 28 aprel, AZƏRTAC
Aprelin 28-də saat 14:11-də Dövlət Sərhəd Xidmətindən (DSX) Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Qazax rayonunun Cəfərli kəndində 10 ədəd mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupunun və DSX-nin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və DSX-nin əməkdaşları qeyd olunmuş ərazidə otlaq sahəsinə baxış keçiriblər. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən əhatəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində dörd ədəd 45 millimetrlik top mərmisi (BR-240), bir ədəd partladıcı (VDM) və beş ədəd tərkibində partlayıcı maddə olmayan 45 millimetrlik top mərmisi (BR-240) aşkarlanıb. Onlar zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Top mərmilərinin və partladıcının tapıldığı yerin ətrafında 300 kvadratmetr əraziyə baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.