ANKARADA ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN 85 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ MƏRASİM KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, aprelin 7-də Ankaradakı Bilkənt Universitetində Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu və Azərbaycanın Türkiyədəki səfirliyinin təşkilatçılığı ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyi münasibətilə mərasim keçirilmişdir.
Mərasimdən əvvəl Türkiyə paytaxtına gəlmiş Azərbaycan Milli Məclisi sədrinin müavini Bahar Muradovanın rəhbərlik etdiyi nümayəndə heyəti Ankaradakı Heydər Əliyev parkında ulu öndərin abidəsinin önünə gül qoymuşdur.
Mərasim iştirakçıları ulu öndərin həyat və fəaliyyətindən bəhs edən “Əbədi zirvə” filminə tamaşa etmişlər.
Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun prezidenti, dünya şöhrətli alim İhsan Doğramacı mərasimdəki çıxışında vurğulamışdır ki, dahi şəxsiyyət Heydər Əliyevin dühası Azərbaycanı güclü və inkişaf etmiş ölkəyə çevirmişdir. Türk dünyasının iki ən böyük liderləri olan Heydər Əliyev və Mustafa Kamal Atatürk öz xalqlarının ən kritik dönəmlərində xilaskarlıq missiyasını yerinə yetirmişlər. Hər iki öndərin böyük siyasi təcrübəsi və möhkəm iradəsi ilə müstəqil türk dövlətləri qurulmuşdur. Heydər Əliyev bir azəri və türk əfsanəsidir. Onun zəngin siyasi fəaliyyəti hər zaman dünya ictimaiyyətinin diqqət mərkəzində olmuşdur.
Ümummilli liderin türk dünyası qarşısında xidmətlərindən bəhs edən Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov dahi şəxsiyyətlər Heydər Əliyevin və Mustafa Kamal Atatürkün adlarının birgə səslənməsindən qürur hissi duyduğunu söylədi. Ulu öndərimizin “Bir millət, iki dövlət” və böyük Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamlarını xatırlatdı.
Azərbaycan Milli Məclisi sədrinin müavini Bahar Muradova vurğulamışdır ki, Heydər Əliyev bir dahi şəxsiyyət kimi zamandan uca durmağı bacarmış, öz ömrünü deyil, xalqının həyatını yaşamışdır. Milli mənsubiyyəti ilə hər zaman qürur duymuş ulu öndərimiz uşaqdan böyüyə qədər hər bir azərbaycanlının qəlbində yaşayır. Onun dövlətçilik, azərbaycançılıq, yaradıcı təkamül təməl prinsipləri üzərində qurduğu güclü, müstəqil Azərbaycan dövləti bu gün Prezident İlham Əliyevin ardıcıl siyasəti sayəsində daha da güclənməkdədir.
Türkiyə Baş nazirinin müavini Cəmil Çiçək Heydər Əliyevin bütün türk dünyasının çox önəmli şəxsiyyətlərindən biri olduğunu və misilsiz xidmətlərinə görə Türkiyə Cümhuriyyətinin ali mükafatı - Atatürk mükafatına layiq görüldüyünü söyləmişdir. Bildirmişdir ki, Azərbaycanın dünyanın ən qarışıq geosiyasi məkanlarından biri olan Cənubi Qafqazda lider ölkəyə çevrilməsi məhz Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində mümkün olmuşdur. Bu yaxınlarda Bakıya səfəri zamanı ulu öndərin göstərdiyi yolla irəliləyən ölkəmizin nail olduğu böyük tərəqqinin şahidi olduğunun qeyd edən Cəmil Çiçək demişdir ki, Azərbaycan artıq Qafqazların İsveçrəsinə çevrilmişdir.
Türkiyənin 9-cu Prezidenti Süleyman Dəmirəl ulu öndər Heydər Əliyevlə bağlı ürək sözlərini ifadə edərək demişdir: “Böyük şəxsiyyətlər əbədi olaraq insanların ürəklərində yaşayırlar. Böyük insan və dahi şəxsiyyət olan Heydər Əliyev qəlbindəki atəşi öz xalqına bəxş etmişdir. O, öz millətinə daim yanan və nur saçan bir məşəl vermişdir. Heydər Əliyevin xilaskarlıq missiyası zamanın tələbi idi və o, bu missiyanı layigincə yerinə yetirdi”.
Mərasimdə çıxış edən Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov və Azərbaycan İnşaat Mühəndisləri və Memarlıq Universitetinin rektoru Gülçöhrə Məmmədova ulu öndərin elm və təhsilə qayğısından bəhs etmişlər.
Sonra xalq artisti Sərvər Qəniyevin dirijorluğu ilə Bilkənt Simfonik Orkestrinin konserti olmuşdur.
######
