REGİONLAR
Aprel zəfəri Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyətinin nümayişidir
Ağsu, 8 aprel, AZƏRTAC
Aprelin 7-də Ağsuda Aprel zəfərinin üçüncü ildönümünə həsr olunan tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdən əvvəl rayonun Bico kəndində Aprel döyüşlərində şəhid olan Azərbaycan Ordusunun giziri Toğrul Fərəczadənin məzarı ziyarət edilib, şəhidin ev-muzeyinə baxılıb.
Çiyni Kənd Mədəniyyət Evinin iclas zalında keçirilən tədbirdə dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Sonra Ağsu rayonundan olan Aprel şəhidlərinə həsr edilən videoçarx nümayiş etdirilib. Ədəbi-bədii kompozisiya iştirakçılarda erməni qəsbkarlarının xalqımıza qarşı törətdikləri ağır günlərin xatirələrini, tarixi qələbəmizlə qazanılan şanlı günlərin sevincini yaşadıb.
Rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev, Milli Məclisin deputatı Tahir Kərimli və başqaları çıxış edərək Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Aprel döyüşlərindəki qələbəsindən, yüksək döyüş qabiliyyətindən, torpaqlarımızı erməni işğalçılarından hər an azad edə biləcək qüdrətə sahib olmasından danışıblar.