AQTA: Sağlam qidalanma uşaqların sağlam gələcəyinin əsas şərtlərindəndir
Bakı, 1 iyun, AZƏRTAC
Uşaqların sağlam böyüməsi və inkişafı üçün düzgün qidalanma mühüm əhəmiyyət kəsb edir. Xüsusilə 2–5 yaş dövrü uşağın körpəlikdən uşaqlığa keçid mərhələsi olmaqla yanaşı, qidalanma vərdişlərinin formalaşdığı dövrdür.
Bu barədə AZƏRTAC-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, bu yaşlarda uşaqlar yeni dadlar kəşf edir, müxtəlif qidaları sınaqdan keçirir və tədricən müstəqil seçim etmə bacarığı qazanırlar. Məhz bu mərhələdə formalaşan qidalanma davranışları gələcək illərdə də davam edərək, uşağın fiziki inkişafına, zehni fəaliyyətinə və ümumi sağlamlıq vəziyyətinə birbaşa təsir göstərir.
Məktəbəqədər yaş dövründə uşaqlara düzgün və sağlam qidalanma prinsiplərinin aşılanması onların gündəlik qida ehtiyaclarının qarşılanması ilə yanaşı, gələcəkdə yarana biləcək bir sıra sağlamlıq problemlərinin qarşısının alınmasında da mühüm rol oynayır. Sağlam qidalanma anemiya, artıq çəki, eləcə də 2-ci tip şəkərli diabet, hipertoniya və ürək-damar xəstəlikləri kimi qeyri-infeksion xroniki xəstəliklərin də riskini azaldır.
Uşaqlarda sağlam qidalanma vərdişlərinin formalaşdırılmasına xüsusi diqqət yetirilməsi vacibdir. Müxtəlif və balanslaşdırılmış qida rasionunun təmin edilməsi, meyvə-tərəvəzlərin gündəlik qidalanmada yer alması, şəkər, duz və yüksək kalorili məhsulların istehlakının məhdudlaşdırılması uşaqların sağlam inkişafına müsbət təsir göstərən əsas amillərdəndir.
Sağlam qidalanma uşaqların sağlam gələcəyinin əsas şərtlərindən biridir. Uşaqlıq dövründə formalaşan düzgün vərdişlər gələcək həyatın sağlam təməlini yaradır.
“Unutmayaq, sağlam gələcək sağlam vərdişlərlə başlayır”, - deyə məlumatda vurğulanıb.