İQTİSADİYYAT
“Aqua-Therm Baku 2013” sərgisi təkcə Azərbaycanda deyil, Xəzəryanı regionda da nüfuz qazanmışdır
Bakı, 23 oktyabr (AZƏRTAC). Oktyabrın 23-də “Xəzər İnşaat Həftəsi” çərçivəsində Bakı Sərgi Mərkəzində “Aqua-Therm Baku 2013” 5-ci Yubiley Beynəlxalq “İstilik, Havalandırma və Kondisiyalaşdırma sistemləri, Su təchizatı, Sanitariya, Ətraf mühitin mühafizəsi texnologiyaları, Üzgüçülük hovuzu və Bərpa olunan enerji” sərgisi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, sərgidə Azərbaycan, İran, İspaniya, İtaliya, Rusiya, Çexiya, Fransa və digər ölkələrdən 80-dən çox şirkət öz məhsullarını təqdim edirlər. Sərgi ekspozisiyasının 42 faizini yerli şirkətlər təşkil edir.
Burada iqlimə nəzarət avadanlıqları, ventilyasiya, isitmə sistemləri, izolyasiya materialları, su təchizatı sistemləri, havapaylayıcı qurğular və digər məhsullar təqdim olunur.
Sərgidə “Ariston” (İtaliya), “Carrier” (ABŞ), “Viessmann” (Almaniya), “Wolf” (Almaniya), “Baxi” (İtaliya), “Danfoss” (Danimarka), “Hitachi” (Yaponiya), “Rehau” (Almaniya) və “Valteс” (Rusiya) kimi dünya brendləri iştirak edirlər.
Rusiya, Ukrayna, Qazaxıstan və Özbəkistanda təşkil olunduğu 5 il ərzində sərgi istilik, su təchizatı, ventilyasiya, havalandırma, üzgüçülük hovuzları (HVAC), sauna və spa mərkəzləri üçün avadanlıqlar sahəsində təkcə Azərbaycanda deyil, Xəzəryanı regionda da nüfuz qazanmışdır.