İQTİSADİYYAT
ARDNŞ-DƏ YENİ STRUKTURLAR YARADILMIŞDIR
Azərbaycan Dövlət Neft Şirkətinin idarə olunmasının səmərəliliyini artırmaq və müasir standartlara cavab verən yeni idarəetmə mexanizmi yaratmaq məqsədilə aparılan islahatlar davam etdirilir. Şirkətin İşlər İdarəsindən müxbirimizə dildirmişlər ki, ölkəmizin Prezidenti Heydər Əliyevin “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” 24 yanvar 2003-cü il tarixli Fərmanına uyğun olaraq, ləğv edilən strukturların bazasında yeniləri yaradılmışdır. Belə ki, “Maliyyə-iqtisad idarəsi”nin əsasında “Mərkəzi mühasibatlıq”, “Əmək və plan şöbəsi”nin əvəzinə isə “İqtisadi təhlil, proqnozlaşdırma və əmək haqqı şöbəsi” yaradılmışdır. Bundan sonra şirkətdə daha üç yeni struktur-“Elm, texnika və energetika”, “Dəniz nəqliyyatı”, həmçinin “Nəqliyyat və sosial inkişaf” şöbələri fəaliyyət göstərəcəkdir. Əvvəllər mövcud olan bəzi xidmətlər şöbələrlə əvəz olunmuşdur. Şirkətin mətbuat xidməti isə İşlər İdarəsinin struktur bölməsinə çevrilmişdir.