ARDNŞ GÜRCÜSTANDA YANACAQDOLDURMA STANSİYASI AÇMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) aprelin 25-də Tbilisi-Qırmızı körpü magistral yolunun üstündə böyük yanacaqdoldurma stansiyasını istifadəyə vermişdir.
Stansiyanın açılış mərasimində ARDNŞ-in prezidenti Rövnəq Abdullayev, Gürcüstanın energetika naziri Aleksandr Xetaquri, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin baş direktoru Ramiz Həsənov, Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri Qənirə Paşayeva, Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev, Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru David Kirkitadze və başqa rəsmi şəxslər iştirak etmişlər.
ARDNŞ-in Gürcüstandakı nümayəndəsi Mahir Məmmədov qonaqları komplekslə tanış etmişdir.
ARDNŞ-in prezidenti Rövnəq Abdullayev AZƏRTAC-ın xüsusi müxbiri ilə söhbətində demişdir: “Prezident İlham Əliyevin göstərişi ilə şirkətimiz öz fəaliyyətini genişləndirmək üçün mühüm tədbirlər həyata keçirir. Biz bölgədə olan ölkələrdə işə sürət verməyə başlamışıq. İlk tədbirlər Gürcüstan, Türkiyə və Rumıniyada həyata keçirilir. Gürcüstana 400 milyon dollar məbləğində sərmayə qoymuşuq. Şirkətimizin yaratdığı “Sokar Corcia” şirkəti Gürcüstanın böyük vergi ödəyən təşkilatlarından birinə çevrilmişdir. Əvvəllər yalnız pərakəndə yanacaq satışı ilə məşğul olurduqsa, indi Gürcüstanda öz yanacaqdoldurma stansiyalarımızı tikib istifadəyə vermişik. Bu gün Gürcüstanda 6 yanacaqdoldurma stansiyasını istifadəyə verdik. Biz gələcəkdə Gürcüstanın yanacaq bazarında mühüm yer tutmaq üçün işləri davam etdirəcəyik. Bu ilin sonunadək Gürcüstanda 19, gələn il isə 30 yanacaqdoldurma stansiyası tikib istifadəyə verməyi nəzərdə tutmuşuq. Çalışırıq ki, onların əksəriyyətində yerli azərbaycanlılar işlə təmin olunsunlar. Ümummilli liderimiz Heydər Əliyevin uğurlu neft strategiyası yüksək sürətlə inkişaf etdirilir və əminəm ki, ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə daha böyük uğurlar qazanacaqdır”.
Tədbirdə Gürcüstanın energetika naziri Aleksandr Xetaquri ölkələrimiz arasında siyasi-iqtisadi münasibətlərin yüksələn xətlə inkişaf etdiyini vurğulamışdır.