Argentina hökuməti ölkədən ət ixracına qadağa qoyub
Madrid, 19 may, AZƏRTAC
Argentina Prezidenti Alberto Fernandes ölkədən ət ixracına bir ay müddətinə qadağa qoyulması barədə qərar qəbul edib.
AZƏRTAC xəbər verir ki, hökumətin gözlənilməz bəyanatı fermerləri hiddətləndirib. Bu ideyanın mahiyyəti mal ətinin qiymətinin artmasını dayandırmaq və illik 47,2 faiz səviyyəsində olan inflyasiyanın daha da artmasına imkan verməməkdir. Fermerlər əmindirlər ki, ixracın dayandırılması bu sektora ciddi ziyan vuracaq və Argentinaya valyuta daxilolmalarını daha da azaldacaq. Fermerlər ilk etiraz tədbiri kimi, ət satışını mayın 20-dən etibarən bir həftə müddətinə dayandırmağa razılaşıblar.
Hökumətin qərarı dərhal qüvvəyə minib. Argentina ət sektorunun mərkəzi sayılan “Liniers Hacienda” bazarında cəmi bir neçə saat ərzində ətin 1 kiloqramının qiyməti 111,4 pesodan (1 avro) 94,6 pesoya (0,83 avro) düşüb.
Hökumət aqrar sektorun etirazlarına və bir ay ərzində elan edilmiş qadağaya davam gətirə biləcəkmi? Bu sualın cavabı hələ məlum deyil. Xatırladaq ki, bu il yanvar ayında Argentina hökuməti 30 gün müddətinə qarğıdalı ixracına qadağa qoymuşdu. O vaxt qarğıdalı istehsalçıları ilə görüşdən sonra hökumət öz qərarını geri götürüb. Ranço sahibləri ehtiyat edirlər ki, əgər hökumət 2006-cı ildə olduğu kimi bu qadağa tədbirinin müddətini bir aydan artıq uzadarsa, əsas bazarlar, məsələn, Almnaiya bazarı itiriləcək. futbol üzrə dünya çempionatına Almaniyanın ev sahibliiy etdiyi dövrdə Almnaiya bazarında Argentina steykləri tükəndi və o vaxtdan həmin bazar dirçəlmədi.
Argentina iqtisadiyyatının ixrac seqmentində ət ixracı mühüm yer tutur. 2020-ci ildə bu sektorun gəlirləri 3,126 milyard dollar olub. Ölkənin xarici ticarətinin təqribən 10 faizi mal ətinin payına düşür. Argenina ətinin əsas alıcısı Çindir. Bu ölkə istehsalçıların “qalıq” adlandırdığı, çox aşağı keyfiyyətli olub sənaye üsulu ilə emal edilmək üçün nəzərə tutulan məhsulları alır. Ən dadlı və bahalı ət məhsulları isə Avropada satılır.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid