“ARILAR ARASINDA” TAMAŞASININ PREMYERASI OLMUŞDUR
Aprelin 11-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında xalq yazıçısı Elçinin “Arılar arasında” pyesi əsasında rejissor Bəhram Osmanovun səhnələşdirdiyi eyniadlı tamaşanın premyerası olmuşdur. AZƏRTAC xəbər verir ki, yeni səhnə əsərinin əsas süjet xətti insanlar arasında yaşamaqdan bezən, buna görə də tənha həyatı üstün tutaraq təbiətin qoynuna üz tutan babanın ətrafında cərəyan edir.
Təbiətin qoynunda tənha yaşamağa başlayan baba özünə həmdəm kimi səmadakı milyonlarla ulduzun içərisindən uzaqda, lap balaca, gözlə güclə görünən bir ulduz seçir. Fikirləşir ki, həmin ulduz da onun kimi tənhadır. Arılara isnişəndən sonra fikrini dəyişən baba mehrini uzaqdakı ulduza deyil, arılara salır.
Şəhərdəki əzizlərinin babanın yanına gəlmələri onu çox sevindirir. Xeyli vaxt idi ki, onları görmürdü. Böyümüşdülər, hətta nişanlanmışdılar da. Şəhərin hay-küyündən dağların qoynuna gələn nəvə-nəticələr anlayırlar ki, onlar uzun müddət bir yerdə yaşasalar da, sən demə, bir-birilərini yaxşı tanımamışlar, yad olduqları üçün bir-birilərini başa düşmürlər. Dağların qoynundakı sakitlik onların bu anlamını daha qabarıq göstərir. Baba törəmələrinin bu vəziyyətlərinə acıyır.
Nəvə-nəticələri ilə birgə dağlar qonuna gələn Dayə ilə tanışlıqdan, onlar arasında isti münasibət yarandıqdan sonra baba bir həqiqəti anlayır ki, sən demə, yaranmışların ən kamili məhz insandır. İnsan insanla yaşamalıdır.
Xoşbəxtlik arzusu ilə yaşayan insanların mənəvi aləminin psixoloji-fəlsəfi kontekstdə açılmasına xidmət edən tamaşada əsas rollarda xalq artistləri Firəngiz Mütəllimova, Nurəddin Mehdixanlı, Şükufə Yusupova, əməkdar artistlər Cəfər Namiq Kamal, Mətanət Atakişiyeva, Münəvvər Əliyeva, artistlərdən Elşən Cəbrayılov, Şəhla Əliqızı, Rəşad Bəxtiyarov çıxış etmişlər.
Yeni səhnə əsərinin quruluşçu rəssamı Altay Sadıqzadə, bəstəkarı əməkdar incəsənət xadimi Fərəc Qarayevdir.
