Arxayınlaşmaq olmaz, karantin rejiminə ciddi əməl edilməlidir
Sumqayıt, 30 aprel, Ətrabə Rzayeva, AZƏRTAC
Dünyaya meydan oxumaqda davam edən koronavirus (COVID-19) pandemiyasının ölkəmizdə geniş yayılmaması dövlətimizin vaxtında gördüyü səmərəli işin və qabaqlayıcı tədbirlərin nəticəsidir.
Bunu AZƏRTAC-a açıqlamasında Sumqayıt Dövlət Dram Teatrının direktoru, Əməkdar artist, Kalmıkiya Respublikasının Əməkdar incəsənət xadimi Mübariz Həmidov deyib.
Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusun bu günlərdə keçirdiyi mətbuat konfransında “Mən Azərbaycan Prezidentinin milli, regional və qlobal səviyyədə bu mübarizədə güclü səylərini görürəm. İmkandan istifadə edərək, cənab Prezidentə təşəkkürümü bildirmək istəyirəm” sözlərini xatırladan M.Həmidov bildirib ki, ölkəmizin koronavirus pandemiyasına qarşı mübarizəyə verdiyi qlobal töhfə beynəlxalq qurumlar tərəfindən də yüksək qiymətləndirilir.
Ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin nisbətən yumşaldıldığını vurğulayan Mübariz Həmidov, insanları ehtiyatlı olmağa səsləyib: “Əgər pandemiyanın ikinci dalğasının baş verməsini istəmiriksə, qaydalara əməl etməliyik. İnsanlar ehtiyac olmadıqda evdən çölə çıxmamalı, tibbi maska və digər qoruyucu vasitələrdən istifadə etməli, o cümlədən sosial izolyasiya qaydalarına uyğun davranmalıdırlar. Bunlar bir müddət hər vətəndaşın həyat tərzi olmalıdır. Əks təqdirdə əldə olunan müsbət nəticələri itirə bilərik. Bu isə ağır fəsadlara yol açacaq. Ona görə də vətəndaşlarımız arxayınlaşmamalı, karantin rejiminə ciddi əməl etməlidirlər”.