ASAN könüllüləri Mingəçevirdə ahıl və tənha yaşayan xəstələrə dərman paylayıblar
Bakı, 29 aprel, AZƏRTAC
Mingəçevir regional “ASAN xidmət” mərkəzinin könüllüləri karantin rejimi ilə əlaqədar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının tibbi heyəti ilə birlikdə ahıl və tənha yaşayan şəkərli diabet xəstələrinə dərmanlar paylayıblar.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, könüllülər tibb işçiləri ilə birlikdə şəkərli diabet xəstələrinin vahid elektron registrinin və məlumat bazasının təkmilləşdirilməsi, onların dərman preparatları, özünənəzarət vasitələri ilə təmin edilməsinə və s. kömək göstəriblər.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan edilmiş xüsusi karantin rejimi dövründə 65 yaşdan yuxarı şəxslərin evdən çıxması qadağan olunub və onlar üçün sosial xidmətlərin təşkili həyata keçirilir.