AŞIQ İMRAN HƏSƏNOVUN NƏĞMƏLƏŞƏN ÖMRÜ
AZƏRTAC xəbər verir ki, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, AMEA Folklor İnstitutunun və Aşıqlar Birliyinin təşkilatçılığı ilə əməkdar incəsənət xadimi, aşıq İmran Həsənovun 80 illik yubileyi qeyd edilmişdir.
Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev Azərbaycan mədəniyyətinin daşıyıcısı olan saz sənətinin, aşıq yaradıcılığının layiq olduğu qiyməti alması üçün nazirliyin gördüyü işlərdən və ölkə rəhbərliyinin bu sahəyə xüsusi qayğısından danışmışdır.
AMEA Folklor İnstitutunun direktoru Hüseyn İsmayılov Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın aşıq sənətinin inkişafına göstərdiyi qayğıdan razılığını bildirmişdir.
Natiq aşıq sənətinin müqəddəsliyini, yaşarlığını özündə əks etdirən İmran Həsənovun həyat və yaradıcılığından söhbət açmışdır.
Qeyd edilmişdir ki, aşıq İmran Həsənov 1928-ci ildə qədim Azərbaycan torpağı olan Göyçə mahalının Ağbulaq kəndində dünyaya göz açmışdır. 1948-ci ildə ailəsi ilə birlikdə Tovuz rayonuna köçən aşıq uşaqlıq və gənclik illərində əmisi aşıq Dünyamalıdan və tovuzlu aşıq Məhərrəmdən dərs almışdır. Bir çox beynəlxalq aşıq müsabiqələrinin iştirakçısı, diplomantı olmuş İ.Həsənov 120-dən çox dastanın toplanıb nəşr edilməsində, Tovuzda aşıq muzeyinin, eyni zamanda Aşıqlar Birliyi Tovuz rayon filialının yaradılmasında böyük əmək sərf etmiş, ömrünün axırınadək filialın rəhbəri olmuşdur. “İmran Koroğlusu", "Ağbulağı", "Səlminazı" havalarının məşhur ifaçısı kimi şöhrət qazanan aşıq İmran Həsənov 1957-ci ildə Moskvada keçirilən Ümumittifaq aşıq sənəti festivalında qızıl medal qazanmış, respublikanın əməkdar incəsənət xadimi adına layiq görülmüşdür. Sağlığında iki şeir kitabını nəşr etdirmiş el sənətkarı 35-dən çox ölkədə aşıq sənətini ləyaqətlə təmsil etmişdir. Hazırda 150-dən çox yadigar lent yazısı aşıq İmran Həsənov sənətinin, ömrünün nəğmələşmiş anları kimi radionun qızıl fondunda saxlanılır.
ADU-nun professoru, filologiya elmləri doktoru Qara Namazov bu gün Azərbaycan saz-söz sənətinin bədii təsir gücünün daha da artdığını, hazırki mədəni inkişaf prosesində onun da öz yeri olduğunu bildirmişdir. Natiq qeyd etmişdir ki, hazırda aşıq sənəti müstəqil milli mədəniyyətimizin tamhüquqlu tərkib hissəsidir. Dahi Üzeyir Hacıbəyovun vaxtilə dediyi “Aşıq sənəti yaşamalıdır, çünki o, xalqa daha yaxın olub, xalqın yaşantılarını xalq musiqisinin başqa növlərindən daha dolğun ifadə edir" - sözlərini yada salan alim bunu aşıq İmran Həsənov sənətinə də şamil etmişdir. O, İ.Həsənovu Koroğlu nəfəsli aşıq, şair təbli sənətkar, eyni zamanda, 20-dən çox şagird yetişdirən bacarıqlı ustad adlandırmışdır.
Tədbirdə aşıqlar və incəsənət ustaları İmran Həsənovun şeirlərindən nümunələr və aşıq havaları ifa etmişlər.