Asiya Parlament Assambleyasının komitə iclasında qitənin enerji bazarının yaradılması məsələsi müzakirə olunub
Bakı, 20 may, AZƏRTAC
Mayın 20-də Asiya Parlament Assambleyasının (APA) İqtisadiyyat və davamlı inkişaf daimi komitəsinin videokonfrans formatında iclası keçirilib.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycanın Asiya Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Qənirə Paşayeva iştirak edib.
İclasda Asiya Parlament Assambleyası İqtisadiyyat və davamlı inkişaf daimi komitəsi sədrinin və baş katibinin qurumun fəaliyyəti ilə bağlı çıxışları dinlənilib.
Asiya enerji bazarının yaradılması, iqtisadi yüksəlişin təmin edilməsi, yoxsulluğun aradan qaldırılması, davamlı inkişaf sahəsində məqsədlərə çatmaq üçün Assambleyaya üzv parlamentlərin rolu, Asiya Cəmiyyətinin Maliyyə Təşəbbüsü və digər mövzularda bir sıra qətnamə layihələri müzakirə edilib, müvafiq qərarlar qəbul olunub.
Türkiyə tərəfi növbəti iclasda “Asiyada hamı üçün su və sanitariya” adlı qətnamə layihəsinin müzakirəsi ilə bağlı məsələyə baxılmasını təklif edib. Azərbaycan nümayəndə heyətinin rəhbərinin də dəstəklədiyi bu təklif qəbul olunub.
Sonra tədbirdə yaşıl maliyyələşmə, Asiya enerji bazarının inteqrasiyası, su böhranı üzrə işçi qrupların hesabatları dinlənilib.
İclasda parlamentarilər müzakirə olunan məsələlərlə bağlı çıxış edərək öz rəylərini səsləndirib, təkliflərini irəli sürüb, qurumun fəaliyyətinin səmərəliliyinin artırılması, region ölkələri arasında müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri və digər aktual məsələlər ilə bağlı fikirlərini bildiriblər.
Bununla da iclas başa çatıb.