DÜNYA
AŞPA: DST PANİKA YARATMIŞDIR
Bakı, 30 iyun (AZƏRTAC). Dünya Səhiyyə Təşkilatı əczaçılıq konsernlərinin təsiri altına düşərək AH1N1 qripinin yayılması ilə əlaqədar hədsiz vahimə yaratmışdır. AŞPA üzvləri Böyük Britaniyadan deputat Pol Flinnin məruzəsini dinlədikdən sonra bu qərara gəlmişlər.
Deputat xəstəliklə mübarizə yollarını və DST-nin, habelə müxtəlif ölkələrin milli hökumətlərinin bu şəraitdə fəaliyyətini təhlil etmişdir.
P.Flinn belə nəticəyə gəlmişdir ki, pandemiya təhlükəsi DST nümayəndələri tərəfindən şişirdilmişdir. Əslində isə AH1N1 qripi orta intensivlikli xəstəlikdir. P.Flinn yazır: “Qlobal təşkilat olan DST ötən il dünyanı “donuz qripi” ilə təşvişə salmaqla böyük səhvə yol vermişdir. Bu qripi hətta 1918-ci ilin “ispanka” qripi ilə müqayisə edirdilər. Nəticədə dövlətlər artıq heç vaxt kara gəlməyəcək vaksinlərə və preparatlara milyardlar xərcləmişlər.
Məruzənin müəllifi pandemiya elan olunmasının dramatik nəticələrinə də diqqəti cəlb etmişdir. Avropada tibb müəssisələrinin işinin artması, büdcə vəsaitlərinin israf edilməsi əczaçılıq korporasiyalarına milyardlarla qazanc gətirmişdir. Məruzədə deyilir: “Bizim hamımızı aldatmışlar. Dünyada “donuz qripi”ndən 2-4 milyon əvəzinə 20 min adam ölmüşdür. Halbuki ildə mövsümi qripdən ölənlərin sayı bundan çoxdur”.
Hazırda AŞPA komissiyası yalnız “səhiyyə sahəsində böyük şəffaflıq” tövsiyəsi verməklə məhdudlaşmış və ölkələrin hökumətlərini biznes-korporasiyaların təsiri altına düşməkdən çəkindirmiş, KİV-lərin qalmaqal salmaması üçün mətbuatla sıx əməkdaşlıq etməyə çağırmışdır.