ASPİRANTLARIN ELMİ KONFRANSINA 222 MƏRUZƏ TƏQDİM OLUNMUŞDUR
Akademiyadan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, konfransa 222 məruzə təqdim olunmuşdur. Akademik Mahmud Kərimov çıxışında demişdir ki, AMEA-nın institutlarında son üç ildə 261 elmlər namizədi (163-ü aspirantura vasitəsilə) hazırlanmış, aspiranturaya 576 nəfər qəbul olunmuş (500 nəfəri əyani, 76-sı qiyabi şöbəyə), 300 aspirant təhsilini başa çatdırmışdır. Hazırda AMEA-da 588 aspirant təhsil alır.
Arxeologiya və Etnoqrafiya İnstitutunun aspirantı Elvin Əliyevin “Arxeoloji tədqiqatlar tarixindən”, Geologiya İnstitutunun aspirantı Araz Qocayevin “Quba-Xəzəryanı zonada neft və qazın yaranması üçün temperatur şəraiti”, Ədəbiyyat İnstitutunun aspirantı Vəfa Həsənovanın “Ç.Aytmatov yaradıcılığında milli dəyərlərə münasibət”, Folklor İnstitutunun aspirantı Nail Qurbanovun “Azərbaycanın mərasim folklorunda mifokosmoqonik görüşlər”, Neft Kimyası Prosesləri İnstitutunun aspirantı İlhamə Hüseynovanın “Yüksək keyfiyyətli komponentlər əsasında etilləşdirilməmiş avtomobil benzininin alınması” mövzularında məruzələri maraqla qarşılanmışdır.
Akademik Mahmud Kərimov bildirmişdir ki, hazırda gənc alim və aspirantların informasiya toplamaları, qarşılıqlı virtual elmi əlaqələr yaratmaları çətin deyil, buna baxmayaraq, belə konfransların keçirilməsinin vacibliyi göz qabağındadır. Belə tədbirlər gənc alimlərin bilik və qabiliyyətlərini nümayiş etdirməyə imkan verir, auditoriya qarşısında çıxış etmək vərdişləri qazanmağa kömək edir.