İQTİSADİYYAT
AŞQABADDA “ENERJİ DAŞIYICILARININ ETİBARLI VƏ SABİT TRANZİTİ, BUNUN BEYNƏLXALQ ƏMƏKDAŞLIQ VƏ İNKİŞAFDAKI ROLU” MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANS KEÇİRİLİR
Aşqabad, 24 aprel (AZƏRTAC). Türkmənistanın paytaxtı Aşqabadda Türkmənistan prezidentinin təşəbbüsü, BMT-nin himayəsi altında “Enerji daşıyıcılarının etibarlı və sabit tranziti, bunun beynəlxalq əməkdaşlıq və inkişafdakı rolu” mövzusunda Beynəlxalq konfrans öz işinə başlamışdır.
Azərbaycanı bu tədbirdə Dövlət Neft Şirkətinin rəhbəri Rövnəq Abdullayevin başçılığı ilə nümayəndə heyəti təmsil edir.
Konfransda BMT, ATƏT, MDB, Energetika Xartiyası, İqtisadi Əməkdaşlıq Təşkilatı, Şanxay Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumların yüksək səviyyəli nümayəndələri, həmçinin xarici dövlətlərin 100-dən artıq neft-qaz və servis şirkətinin rəhbərləri iştirak edirlər.
Konfransı Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov açaraq iştirakçıları salamlamış, qeyd etmişdir ki, 58 dövlət bu forumun keçirilməsinə tərəfdar olmuşdur və Türkmənistanın təşəbbüsünü dəstəklədiklərinə görə bu dövlətlərin rəhbərlərinə öz minnətdarlığımı bildirirəm.
Konfransın birinci günü nümayəndə heyətlərinin rəhbəri çıxış etmiş, enerji təhlükəsizliyi sahəsində görülmüş işlər və qarşıda duran vəzifələrdən danışmışlar.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Aşqabad