Aşqabadda MDB ölkələri ziyalılarının forumuna hazırlıq məsələləri müzakirə edilib
Aşqabad, 29 yanvar, AZƏRTAC
MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fonduna (DHƏF) üzv ölkələrin nümayəndə heyəti bu ilin may ayında Aşqabadda keçiriləcək yaradıcılıq və elmi ziyalıların XIV forumuna hazırlıq məsələlərini müzakirə etmək məqsədilə Türkmənistanda səfərdə olub.
AZƏRTAC xəbər verir ki, DHƏF-in İdarə Heyətinin sədri, Azərbaycanın Xalq artisti Polad Bülbüloğlu, Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy və DHƏF-in icraçı direktoru Anatoli İksanovdan ibarət nümayəndə heyəti Aşqabadda bir sıra görüşlər keçirib.
Nümayəndə heyətinin Türkmənistanın Mədəniyyət Nazirliyində baş tutan görüşündə bu ölkənin sədrliyi ilə keçiriləcək MDB iştirakçısı olan ölkələrin yaradıcılıq və elmi ziyalılarının XIV forumuna hazırlıq məsələləri müzakirə edilib. İkigünlük forumda dövlətlərarası “Birlik ulduzları” mükafatının təqdimatı olacaq.
Həmçinin MDB Dövlət Başçıları Şurasının qərarına əsasən 2019-cu ilin “Kitab ili” elan edilməsi çərçivəsində təşkil olunacaq bir sıra tədbirlərin planı, simpoziumların, kitab sərgilərinin, elm və yaradıcılıq tədbirlərinin təşkili məsələləri müzakirə edilib. Birliyə üzv ölkələr arasında mədəniyyət və yaradıcılıq əlaqələrinin inkişafına dair fikir mübadiləsi aparılıb, bir sıra təkliflər müzakirə olunub.
Bundan başqa, nümayəndə heyəti Türkmənistanın Təhsil Nazirliyində humanitar əməkdaşlığın daha da genişləndirilməsi, təhsilin, elmin ümumi inkişafı, qarşılıqlı tələbə tədqiqat layihələrinin dəstəklənməsi və gənclər arasında əməkdaşlığın gücləndirilməsi, ekologiya məsələlərini müzakirə edib.
DHƏF-in nümayəndə heyəti, həmçinin ölkənin Xarici İşlər Nazirliyində əməkdaşlıq məsələləri üzrə birgə tədbirlərin keçirilməsi haqqında fikir mübadiləsi aparıb.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aşqabad