Beyləqanda şəhid Fəti Fətizadənin xatirəsi anılıb
Beyləqan, 9 iyun, AZƏRTAC
Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olan hərbi qulluqçu Fəti Fətizadənin xatirəsi Beyləqan rayonunda anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gənclər və İdman Nazirliyinin dəstəyi, Beyləqan Rayon İcra Hakimiyyətinin və Beyləqan Gənclər Evinin təşkilatçılığı ilə keçirilən anım tədbirində əvvəlcə şəhidlərin xatirəsi ehtiramla yad edilib.
Tədbirdə çıxış edən şəhid anası Nüşabə Əliyeva Fəti Fətizadənin həyat və döyüş yolundan, onun yüksək vətənpərvərlik ruhundan, Vətənə bağlılığından və göstərdiyi qəhrəmanlıq nümunələrindən danışıb. Məlumat verilib ki, Fətizadə Fəti Ağamoğlan oğlu 1998-ci il iyun ayının 10-da Beyləqan rayonu Birinci Şahsevən kəndində anadan olub. O, 44 günlük Vətən müharibəsi zamanı Qubadlı, Füzuli, Şuşa, istiqamətində gedən döyüşlərdə fəal iştirak edib. Silahlı Qüvvələr tərəfindən 2023-cü il sentyabrın 20-də həyata keçirilən lokal antiterror tədbirləri zamanı Xocavənd rayonu Qırmızı Bazar kəndi istiqamətində şəhid olub. Birinci Şahsevən kənd Şəhidlər xiyabanında dəfn edilib. Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” , “Xocavəndin azad olunmasına görə”, "Cəsur döyüşçü” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Beyləqan Rayon İcra Hakimiyyətinin əməkdaşı Heybət Əliyev Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərdən, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunmasından bəhs edib. O, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq və abadlıq işləri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı barədə məlumat verərək gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsinin əhəmiyyətini qeyd edib.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Beyləqan rayon şöbəsinin sədri Rövşən Namazəliyev və digər çıxış edənlər şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Tədbirin bədii hissəsində məktəblilər tərəfindən ədəbi-bədii kompozisiyalar və səhnəciklər nümayiş olunub.