Şərurda gənclərin yaradıcılıq və idman bayramı: “Gənclik Festivalı – Şərur 2026” FOTO
Naxçıvan, 9 iyun, AZƏRTAC
Şərur şəhərində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Gənclik Festivalı – Şərur 2026” adlı tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, festival gənclərin bilik və bacarıqlarının nümayiş etdirilməsi, onların ictimai fəallığının artırılması, vətənpərvər ruhda tərbiyəsi, milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi və sağlam həyat tərzinin təşviqi məqsədi daşıyır.
Əvvəlcə rəsmi heyət və bir qrup gənc tərəfindən Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiram ifadə edilib. Festivalın açılış mərasimində Dövlət Himni səsləndirilib, Ümummilli Liderin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov və Naxçıvan Muxtar Respublikasının gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov Milli Qurtuluş Gününün Azərbaycan dövlətçilik tarixindəki mühüm əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində ölkədə ictimai-siyasi sabitlik təmin olunub, müstəqil dövlətçilik ənənələri möhkəmləndirilib və Azərbaycanın davamlı inkişafının əsası qoyulub. Qeyd edilib ki, dahi rəhbərin müəyyənləşdirdiyi siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkənin hərtərəfli tərəqqisi, beynəlxalq nüfuzunun yüksəldilməsi və gənclərin potensialının reallaşdırılması istiqamətində mühüm nailiyyətlər əldə olunur.
Çıxışlarda dövlət gənclər siyasətinin uğurlu icrası, gənclərin təhsil, elm, idman, yaradıcılıq və digər sahələrdə inkişafı üçün geniş imkanların yaradıldığı diqqətə çatdırılıb. Həmçinin vurğulanıb ki, bu cür festivallar gənclərin yaradıcılıq potensialının üzə çıxarılması, milli-mənəvi dəyərlərin təbliği, vətənpərvərlik hisslərinin gücləndirilməsi və asudə vaxtın səmərəli təşkili baxımından mühüm əhəmiyyət kəsb edir.
Fizika-riyaziyyat təmayüllü liseyin şagirdi Rza Rzayev gənclərə göstərilən diqqət və qayğıya, eləcə də yaradılan şəraitə görə minnətdarlığını bildirib.
Rəsmi hissənin ardından festival bədii proqramla davam edib. Tədbir iştirakçılarına rəngarəng konsert proqramı təqdim olunub, gimnastların nümunəvi çıxışları nümayiş etdirilib və milli mədəniyyətimizin zəngin nümunələrindən olan "Şərur yallısı" ifa olunub.
Festival çərçivəsində gənclərin bilik və bacarıqlarını əks etdirən müxtəlif zonalara da baxış keçirilib. Burada gənclərin yaradıcılıq nümunələri, əl işləri və rəsm sərgiləri nümayiş olunub. Gənc musiqiçilərin və rəqqasların ifaları, azyaşlıların hazırladığı bədii kompozisiyalar və teatr tamaşaları maraqla qarşılanıb. Ziyarətçilər, həmçinin STEAM zonası, müxtəlif idman fəaliyyətlərini əhatə edən idman sahəsi, eləcə də hərbi-vətənpərvərlik zonası ilə tanış olublar. Hərbi-vətənpərvərlik bölməsində müxtəlif silah və hərbi ləvazimatlar nümayiş etdirilib, gənclərə Vətənə xidmət və hərbi hazırlığın əhəmiyyəti barədə məlumat verilib.
Müxbir- Nail Əsgərov