Mavritaniya sahillərində 10 gün ərzində mindən çox qeyri-qanuni miqrant xilas edilib
Qahirə, 9 iyun, AZƏRTAC
Mavritaniya Sahil Mühafizəsi son 10 gün ərzində ölkə sahilləri yaxınlığında 1076 qeyri-qanuni miqrantın xilas edildiyini açıqlayıb.
AZƏRTAC “əl-Ərəbiyyə” telekanalına istinadla xəbər verir ki, bu barədə məlumat Mavritaniya Sahil Mühafizəsindən bildirilib.
Qeyd olunur ki, mövcud dinamika davam edərsə, cari ildə ölkəyə gələn miqrantların sayı indiyədək qeydə alınmış ən yüksək səviyyəyə çata bilər.
Məlumata görə, son günlər ərzində Mavritaniya sularında ümumilikdə 8 miqrant qayığı saxlanılıb. Həmin qayıqların Qambiya və Seneqal sahillərindən yola düşdüyü bildirilir. Miqrantların vətəndaşlığı barədə isə məlumat verilməyib.
Xilas edilən şəxslər Avropa İttifaqının maliyyə dəstəyi ilə yaradılmış müvəqqəti qəbul mərkəzlərinə yerləşdiriliblər.
Son illərdə Qərbi Afrikadan Avropaya, xüsusilə İspaniyanın Kanar adalarına doğru qeyri-qanuni miqrasiya marşrutu yenidən fəallaşıb. Seneqal, Mavritaniya və Mərakeş tərəfindən dəniz nəzarətinin gücləndirilməsi nəticəsində miqrant qayıqlarının yola düşdüyü məntəqələr cənuba - əsasən Qambiya və Qvineya sahillərinə doğru dəyişib. Bu isə səfərin müddətini uzadaraq riskləri artırır.
Avropa ölkələrinin viza siyasətini sərtləşdirməsi və sərhəd nəzarətini gücləndirməsi fonunda minlərlə afrikalı miqrant qeyri-qanuni marşrutlara üz tutur. Beynəlxalq təşkilatların məlumatlarına görə, son illərdə Atlantik okeanı üzərindən Avropaya keçmək istəyən minlərlə insan həyatını itirib və ya itkin düşüb.
Şıxəli Əliyev