Ekspert: Azərbaycan iqtisadi dividend, dayanıqlı inkişaf və siyasi sabitlik əldə edəcək
Bakı, 9 iyun, AZƏRTAC
Türkiyə ilə dost və qardaş olan Azərbaycanın Avropa ilə Asiya arasında yerləşməsi hər iki ölkənin strateji maraqlarına cavab verir. Bu gün dünyada ticarət yollarını nəzarətdə saxlayan ölkələrin siyasi çəkisi ilə yanaşı iqtisadi qüdrəti də artır. Hər bir dövlət nəqliyyat qovşağının sabitliyini və dayanıqlı inkişafını istəyir ki, bu ərazi ilə ticarətini davam etdirsin.
Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı Türkiyənin beynəlxalq iqtisadi əlaqələr üzrə eksperti Hakan Topkurulu deyib.
O bildirib ki, bu gün Çin Şərqin iqtisadi qüdrəti olaraq Qərb ilə ticarətini artırmaqda maraqlıdır.
“Yeni texnologiya məhsullarından başlayaraq, avtomobil sənayesinə kimi böyük ixrac potensialına malik olan Çin nəqliyyat dəhlizlərinə ehtiyac duyur. Əgər 2020-ci ildə Çindən Avropa İttifaqı (Aİ) dövlətlərinə ixracın həcmi 383,5 milyard dollar olmuşdusa, 2025-ci ilə bu rəqəm 517 milyard dollara çatıb. Ötən il Aİ dövlətlərindən Çinə ixracın həcmi isə 2,2 faiz artaraq 202,5 milyard dollara çatıb. Bu rəqəmlər, Aİ-Çin idxal-ixrac əməliyyatlarının həcmi artdıqca Orta Dəhlizin, onun davamı olan Zəngəzur dəhlizinin əhəmiyyəti daha da artacaq. Azərbaycan və Türkiyə əraziləri tranzit nəqliyyatı üçün həm hazırdır, həm də təhlükəsizdir”, - deyə H.Topkurulu əlavə edib.
Ekspert qeyd edib ki, Azərbaycanın Mərkəzi Asiya ilə Türkiyənin qonşuluğunda yerləşməsi və Qarabağın işğaldan azad edilməsi yeni dəhlizin yaranması zərurətini meydana çıxarıb: “Orta Dəhlizin davamı olan Zəngəzur dəhlizi Prezident İlham Əliyevin dediyi kimi qitələri birləşdirən mühüm nəqliyyat bağlantısı olacaq. 2030-cu ilə kimi Orta Dəhlizlə daşınan yüklərin həcminin 11 milyon tona çatdırılması planlaşdırılıb. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Türk dünyasının şərq hissəsində Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu xətti çəkilir, qərb hissəsində isə Zəngəzur dəhlizi tikilir. Bu iki layihə tam reallaşdıqdan sonra Avropa ilə Asiyanın kəsişmə nöqtəsinə çevriləcək Azərbaycan iqtisadi dividend, dayanıqlı inkişaf və siyasi sabitlik əldə edəcək ki, bu faktın özü Türkiyə ilə Azərbaycanın güclənməsinə xidmət etmiş olacaq. Artıq ABŞ və Aİ Zəngəzur dəhlizini dəstəkləyən bəyanatla çıxış ediblər. ABŞ Mərkəzi Asiyadan nadir yer minerallarını idxal etmək fikrindədir. Bu istiqamətdə Özbəkistan və Qazaxıstan ilə irihəcmli müqavilələr də imzalanıb. Hazırda dünyanın bəzi regionlarında hərbi münaqişələr davam etsə də, Türkiyə ilə Azərbaycan müttəfiqlik əlaqələrini artıraraq siyasi və iqtisadi inteqrasiya proseslərini sürətləndirir iqtisadi inkişafa doğru irəliləyirlər”.