Assanjın ABŞ-a ekstradisiyası barədə məhkəmə dinləmələri təxirə salınıb
Bakı, 27 aprel, AZƏRTAC
Böyük Britaniya məhkəməsi “WikiLeaks” saytının qurucusu Culian Assanjın ABŞ-a ekstradisiyası barədə dinləmələri may ayından daha gec bir vaxta təxirə salmağa razılıq verib.
AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, bu barədə qərar Londonun Vestminster magistr məhkəməsinin hakimi Vanessa Baraytser tərəfindən qəbul olunub.
Culian Assanjın müdafiəsi iclasın yeni tip koronavirus pandemiyası ilə əlaqədar sentyabr ayına keçirilməsinin vacibliyini bildirib. Vəkillər karantin səbəbindən bir aydan çoxdur ki, müttəhimlə görüşmədiklərini və onunla yalnız bir neçə dəfə telefonla danışdıqlarını deyiblər. İttiham tərəfi də bu mövqe ilə razılaşıb. Nəticədə hakim dinləmələrin təxirə salınması barədə qərar qəbul edib və yeni tarix müəyyənləşdirmək üçün müdafiə tərəfinə mayın 4-dək vaxt verib.
Xatırladaq ki, bir sıra hökumətlərin fəaliyyəti barədə məxfi informasiyaların dərc olunduğu “WikiLeaks” portalının təsisçisi Culian Assanj 2012-ci ildə İsveçin onu seksual cinayətdə ittiham etməsindən sonra Ekvadorun Londondakı səfirliyinə sığınıb və orada təxminən 7 il gizlənib. 2019-cu il aprelin 11-də “Scotland Yard” Ekvador hökumətinin razılığı ilə onu bu ölkənin səfirliyində həbs edib.
ABŞ-da haker fəaliyyətinə görə “WikiLeaks” saytının qurucusu 175 il həbs cəzasına məhkum edilə bilər.