ATA ÖZ QIZINI 24 İL ZİRZƏMİDƏ DUSTAQ SAXLAMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Avstriyanın Amştetten şəhərində (Aşağı Avstriya federal əyaləti) Yozef Fritsl qızı Elizabet Fritsli öz evinin zirzəmisində 24 il dustaq saxlamışdır. Təsadüf nəticəsində həbs olunan 73 yaşlı Y.Fritsl polis orqanlarına cinayət əməllərini tam təfsilatı ilə etiraf etmişdir.
1984-cü ildə ailə zəminində baş verən münaqişədən sonra Y.Fritsl 18 yaşlı qızını evin zirzəmisində dustaq kimi saxlamış, ailə üzvləri və rəsmi orqanlara qızının evdən qaçaraq dini təriqətlərdən birinə qoşulduğunu əks etdirən saxta məktublar təqdim etmişdir.
Ailə üzvləri ilə daim sərt davranan Y.Fritsl onlara zirzəmiyə yaxınlaşmağı qəti qadağan etmiş, heç zaman çirkin cinayət əməllərinə görə şübhə oyatmamışdır. 24 il müddətində zirzəmidə Y.Fritslin öz qızından yeddi uşağı dünyaya gəlmişdir. Uşaqlardan biri dünyaya gəldikdən az sonra ölmüş, üçünü Y.Fritsl öz həyat yoldaşı ilə birlikdə körpəykən övladlığa götürmüş, digər üçü isə bütün həyatlarını anaları ilə birlikdə zirzəmidə keçirmişlər. 19, 18 və 5 yaşında olan üç uşaq heç zaman günəş işığı görmədən, səskeçirməyən divarlar və elektron təhlükəsizlik qapı ilə təhciz olunmuş 60 kvadratmetrlik zirzəmidə yaşamışdır.
Qonşular və şəhər sakinləri arasında səmimi insan kimi tanınan Y.Fritslin sürdüyü ikili həyatdan və törətdiyi cinayətlərdən ön illər ərzində heç kəs xəbər tutmamışdır. Yalnız zirzəmidəki uşaqlardan biri ağır xəstələndikdən sonra, cinayətkar ötən həftə uşağı şəhər xəstəxanasına yerləşdirməyə məcbur olmuş və diqqətli həkimlərin səyi nəticəsində polis məsələyə cəlb olunmuşdur.
42 yaşlı ana və fiziki-zehni cəhətdən normal inkişaf etməmiş övladları müalicə olunmaq və dindirilmək üçün, mətbuat və ictimaiyyətdən uzaq qapalı bir sanatoriya mərkəzinə yerləşdirilmişlər.
Xatırladaq ki, bu, son illər Avstriyada baş vermiş ikinci oxşar hadisədir. 2006-cı ilin avqust ayında Nataşa Kampuş adlı qız səkkiz il onu zirzəmidə dustaq saxlamış cinayətkarın əlindən qurtulub qaçmağa müvəffəq olmuşdur.
Avstriya ictimaiyyətini dəhşətə gətirən faktla bağlı bir neçə maddə üzrə cinayət işi açılmışdır. Hadisənin səbəbləri və təfərrüatı ilə bağlı Aşağı Avstriya federal əyaləti prokurorluq orqanları tərəfindən təhqiqat başlamışdır. Xarici ölkə mətbuatının güclü marağına səbəb olan, ölkə əhalisini şokda saxlayan və çoxlu suallar ortaya çıxaran cinayət hadisəsinin yaxın müddətdə tam aydınlaşacağı gözlənilir.