İQTİSADİYYAT
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik Azərbaycanla əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlıdır
![Atom Enerjisi üzrə Beynəlxalq Agentlik Azərbaycanla əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlıdır](/files/2019/3/1200x630/15720844613473659023_1200x630.jpg)
Bakı, 26 oktyabr, AZƏRTAC
Azərbaycanla Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) əməkdaşlığının gələcək perspektivləri müzakirə edilib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, oktyabrın 26-da nazir Ramin Quluzadə ilə Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə iştirak etmək məqsədilə Bakıda səfərdə olan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru vəzifəsini icra edən Kornel Feruta arasında görüş keçirilib.
Görüş zamanı Azərbaycanla AEBA arasında əməkdaşlığın hazırkı vəziyyəti və gələcək perspektivləri barədə danışılıb. Ölkəmizdə nüvə tədqiqatları sahəsində görülmüş işlər, kadr potensialının inkişafı, bu istiqamətdə birgə seminar və təlimlərin təşkili müzakirə olunub.
Bildirilib ki, AEBA və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC arasında texniki əməkdaşlıq çərçivəsində bir sıra layihələr uğurla icra olunub. Mərkəz AEBA-nın kiçik modul reaktorlar, nüvə materialları və təhlükəsizlik üzrə regional layihələrində də fəal iştirak edir.
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru vəzifəsini icra edən K.Feruta Azərbaycanla əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlı olduqlarını, bunun üçün geniş imkanların mövcudluğunu vurğulayıb.