“AUDİT–AZƏRBAYCAN” DAXİLİ AUDİTORLARIN AVROPA KONFEDERASİYASINA ÜZV OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, bu günlərdə qurumun beynəlxalq və regional peşə təşkilatlarına inteqrasiyası istiqamətində daha bir uğurlu addım atılmışdır. Avropa Daxili Audit İnstitutları Konfederasiyasının İstanbulda keçirilmiş növbəti baş assambleyasında “Audit-Azərbaycan” bölməsi bu nüfuzlu regional təşkilata üzv qəbul edilmişdir.
Səsvermədən əvvəl “Audit-Azərbaycan” bölməsinin prezidenti, Auditorlar Palatasının sədri professor Vahid Novruzov baş assambleyada çıxış edərək, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən davam etdirilən inkişaf və tərəqqi siyasətinin uğurları, açıq, informasiyalı cəmiyyət quruculuğu, dövlət idarəçiliyinin, o cümlədən maliyyə nəzarətinin təkmilləşdirilməsi, iqtisadiyyatda maliyyə şəffaflığının təmin edilməsi və korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş tədbirlər barədə məlumat vermiş, bu proseslərdə “Audit-Azərbaycan” bölməsi üzvlərinin fəal iştirakından, ölkədə daxili auditin təşkili və tətbiqi təcrübəsindən danışmışdır.
İclasın iştirakçıları Azərbaycanın MDB ölkələri arasında birinci olaraq Avropa Daxili Audit İnstitutları Konfederasiyasında təmsilçiliyinə yekdilliklə tərəfdar çıxmışlar.
Xatırladaq ki, Avropa Daxili Audit İnstitutları Konfederasiyası 1982-ci ildə yaradılmışdır, öz sıralarında Avropa iqtisadi zonası və Aralıq dənizi hövzəsi ölkələrinin daxili audit qurumlarını birləşdirir.