İQTİSADİYYAT
Auditor kursunu uğurla başa vuranlara beynəlxalq sertifikat veriləcək
Bakı, 25 iyul (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində ISO 9001 keyfiyyət idarəetmə sistemi üzrə beynəlxalq baş auditor kursu təşkil olunub.
Şirkətdən AZƏRTAC-a verilən məlumata görə, kurs müddətində iştirakçılara ISO 19011:2011 standartının əsas mahiyyəti, prinsipləri, auditin hədəfləri, xüsusilə standartın auditora qarşı olan tələbləri, tələb etdiyi fərdi keyfiyyət xüsusiyyətləri, raportların hazırlanması və rəhbərliyə təqdim edilməsi yolları haqqında geniş məlumat verilib.
Məlumatda bildirilir ki, müəssisələrdə ISO 9001 keyfiyyət idarəetmə sisteminin tətbiqi görülən işlərin keyfiyyətinin və istehsal göstəricilərinin yüksəldilməsinə, xərclərin azaldılmasına, daxili və xarici bazarda müəssisənin rəqabət qabiliyyətliliyinin artmasına imkan yaradır.
Kursun sonunda müdavimlər imtahan veriblər. İmtahanın nəticələrinə əsasən, dinləyicilərə baş auditor beynəlxalq sertifikatı veriləcək. Bu sertifikat yalnız ARDNŞ-in müəssisələrində deyil, eyni zamanda ölkə daxili və xarici təşkilatlarda da keyfiyyət idarəetmə sisteminin auditini keçirməyə imkan yaradacaq.