CƏMİYYƏT
Avropa azərbaycanlıları soydaşlarımıza çağırış edib
Bakı, 18 may, AZƏRTAC
Xaricdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları və azərbaycanlı icmaları müxtəlif ölkələrdə yaşayan həmvətənlərimizi Azərbaycan Diasporuna Dəstək Fondunun və “YAŞAT” Fondunun birgə təşkil etdiyi “YAŞAT” xeyriyyə marafonunda fəal iştirak etməyə çağırıblar.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan diaspor təşkilatlarının təmsilçiləri şəxsi sosial şəbəkə hesabları və sosial şəbəkələrdəki qruplar vasitəsilə dünya azərbaycanlılarına çağırışları paylaşaraq hər kəsi marafonda fəal iştiraka çağırıb. Marafona dəstəklə bağlı paylaşımları Norveçdə fəaliyyət göstərən CAN, Avstriyadakı AZERDER, İsveçdəki SAF (İsveç Azərbaycan Mədəniyyət Dərnəyi), Fransadakı Azərbaycan Mədəniyyət Assosiasiyası, Niderland–Belçika Azərbaycanlılarının Koordinasiya Şurası, Niderlanddakı Azərbaycan evi, Münxen Azərbaycanlılarının Mədəniyyət Mərkəzi edib. Eyni məzmunlu çağırış 35 min nəfərdən çox üzvü olan “Avropa Azərbaycanlıları” adlı feysbuk səhifəsində də paylaşılıb.
Xatırladaq ki, “YAŞAT” xeyriyyə marafonu 2021-ci il mayın 25-də Bakı vaxtı ilə saat 21:00-da Azərbaycan Televiziyası vasitəsilə canlı yayımlanacaq.