AVROPA İTTIFAQI ŞURASININ BAŞ KATİBİXAVYER SOLANANIN BƏYANATI
Sabahınız xeyir olsun!
İcazənizlə, ilk növbədə onu deyim ki, burada, Brüsseldə ikinci dəfə Azərbaycan Prezidenti cənab İlham Əliyev ilə görüşməkdən olduqca məmnunam. O, Avropanın çoxdankı dostudur və Avropa İttifaqı ilə Azərbaycan və ümumiyyətlə, həmin regionun ölkələri arasındakı münasibətlərin mühüm bir anında buraya səfər etmişdir.
Bu gün Avropa İttifaqı ilə Azərbaycan arasında mühüm sənəd, enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair anlaşma memorandumu imzalanacaqdır.
Gələn həftənin əvvəlində isə Avropa İttifaqının yeni qonşuluq siyasətinə dair Azərbaycan və Cənubi Qafqazın digər ölkələri - Gürcüstan və Ermənistan ilə tədbirlər planı imzalanacaqdır. Təbii ki, biz yeni qonşuluq siyasətinin mühüm hissəsi olan ikitərəfli münasibətləri və gələn həftə həyata keçirilməsinə başlanılacaq tədbirlər planını müzakirə etdik.
Eyni zamanda, enerji sahəsində əməkdaşlıq haqqında danışdıq, regiondakı məsələləri, o cümlədən Dağlıq Qarabağ məsələsini, Gürcüstandakı və ümumiyyətlə, bütün regiondakı vəziyyəti müzakirə etdik. Mən Prezident Əliyevdən çox sualları öyrəndim. Apardığımız danışıqları mühüm və önəmli sayıram və onunla yenidən Bakıda görüşməyimi arzulayıram. Bakıya səfərim mənim yaxşı yadımdadır.
Cənab Prezident, buraya səfər etdiyinizə görə Sizə bir daha minnətdarlığımı bildirirəm. Əminəm ki, yeni qonşuluq siyasətinə dair tədbirlər planı Sizin ölkə və region ilə əlaqələrin gücləndirilməsinə yeni təkan verəcəkdir. Çox sağ olun.